Ukrayna Prezidenti Volodimir Zelenski ərazi məsələsini Rusiya rəhbərliyi ilə müzakirə etməyə hazır olduğunu bildirib.
Bununla belə, o, “TSN” telekanalına müsahibəsində vurğulayıb ki, bu mövzunu yalnız Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edə bilər. Digər məsələlər isə texniki qruplar səviyyəsində müzakirə olunacaq.
“Biz müzakirələrə hazırıq. Əgər söhbət ərazi məsələsindən gedirsə, bu, liderlər səviyyəsində olmalıdır. Digər məsələlər isə texniki qruplar səviyyəsində müzakirə ediləcək”, – Zelenski qeyd edib.
Putin Ukraynanın nəzarətindən çıxan ərazilərlə bağlı nə deyib?
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Zelenskinin ərazi güzəştlərinə hazır olması barədə açıqlamasını şərh edərkən Kiyevin nəzarətini itirdiyi əraziləri Rusiyanın “tarixi torpaqları” adlandırıb. Putinin sözlərinə görə, həmin ərazilərin sakinləri Rusiya Federasiyası ilə birləşməyə səs veriblər.
Qeyd edək ki, ərazi məsələsi Rusiya ilə Ukrayna arasında mümkün danışıqların ən mürəkkəb mövzularından biri olaraq qalır. Tərəflərin bu məsələdə mövqeləri fərqlidir.
N.Talıblı
