Rusiya Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqların detallarını ictimaiyyətə açıqlamaq niyyətində deyil.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
Kremlin mətbuat xidmətinin MAX platformasında yaydığı məlumata görə, Peskov bunun gələcək nizamlanma prosesinə zərər verə biləcəyini deyib. O əlavə edib ki, tərəfləri ciddi və çoxsaylı detalları əhatə edən müzakirələr gözləyir.
“Biz bu detalları açıq şəkildə müzakirə etmək istəməzdik. Çünki hesab edirik ki, bu, gələcəkdə mümkün olan sülh prosesinə zərər vura bilər. Qarşıda çoxsaylı detallardan ibarət çox ciddi müzakirə dayanır”, – deyə Kremlin nümayəndəsi bildirib.
Daha əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Vaşinqtonun Ukraynadakı münaqişənin nizamlanması üçün üçtərəfli danışıqlar planlaşdırdığını və belə bir görüşün keçirilməsinə “çox yaxın” olduğunu bildirib.
Conson bu məsələni ABŞ dövlət katibi Marko Rubio və prezident Donald Trampla müzakirə etdiyini qeyd edib.
