Polşanın Baş naziri Donald Tusk ölkədə hüququn aliliyinin bərpasının qətiyyətli addımlar tələb etdiyini bəyan edib. Bu açıqlama Konstitusiya Tribunalı ətrafında münaqişənin kəskinləşdiyi bir vaxta təsadüf edib.
Baş nazir tribunalın sədri Boqdan Sventsçkovskinin vəzifəsindən kənarlaşdırılması və Anna Korvin-Petrovskayanın quruma rəhbər təyin oluna biləcəyi barədə məlumatlardan sonra vəziyyəti şərh edib.
“Qanunun aliliyinin bərpası bizim borcumuzdur. “Hüquq və Ədalət” Partiyasının uzun illər davam edən qanunsuzluqlarından sonra bu proses çətindir, bəzən ağrılıdır və qətiyyətli addımlar tələb edir. Başqa yol yoxdur”, – Tusk X sosial şəbəkəsində yazıb.
Polşa Mətbuat Agentliyinin (PAP) məlumatına görə, hazırkı çağırış Seym tərəfindən Konstitusiya Tribunalının hakimi seçilən Anna Korvin-Petrovskaya qurumda ən uzun iş stajına malik hakim kimi onun rəhbəri ola bilər.
Tribunalın saytında qurumun sədri Boqdan Sventsçkovskinin və sədr müavini Bartlomey Soxanskinin xidməti vəzifələrinin icrasından müvəqqəti kənarlaşdırılması barədə sərəncam yayımlanıb. Qərarın hüquqi əsası kimi ümumi yurisdiksiyalı məhkəmələrin təşkili haqqında qanunun 130-cu maddəsi göstərilib.
Lakin Konstitusiya Tribunalı baş verənlərin qanuniliyini qəbul etməyib. Qurumun X sosial şəbəkəsindəki səhifəsində yayılan bəyanatda tribunalın saytının qanunsuz şəkildə ələ keçirildiyi bildirilib.
Bəyanatda qeyd olunub ki, Sventsçkovski və Soxanski vəzifələrində qalırlar, Korvin-Petrovskaya isə tribunalın hakimi deyil. Qurum bu addımları atan şəxsləri dövlət çevrilişinə cəhddə ittiham edib.
Münaqişə fonunda Varşavada tribunalın binası qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları arasında sağ müxalifətin siyasətçiləri də olub. Qurumun ərazisində polis əməkdaşları yerləşdirilib.
Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq ölkəyə qayıdacağını elan edib.
Baş prokuror Valdemar Jurek isə Konstitusiya Tribunalına toxunulmazlığın ləğvi ilə bağlı beş vəsatət göndərdiyini açıqlayıb. Onlardan dördü Boqdan Sventsçkovski, biri isə Bartlomey Soxanski ilə bağlıdır.
Nadir Talıblı
