Ermənistan TRIPP layihəsi çərçivəsində Zəngəzurda, Sünik vilayətində dövlətlərarası avtomobil yolu, elektrik verilişi xətti və dəmir yolunun layihələndirilməsi işlərinə başlamaq niyyətindədir.
Azpost.info -nun məlumatına görə, bunu Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan bildirib.
Onun sözlərinə görə, sərhədlərin demarkasiyasının növbəti mərhələsi ilə bağlı hələlik razılaşma yoxdur. Lakin yaxın vaxtlarda bu məsələnin müzakirə edilərək razılaşdırılacağı və işlərin davam etdiriləcəyi gözlənilir.
Qriqoryan hesab edir ki, TRIPP layihəsinə aid ərazilərin demarkasiyası ümumi növbədənkənar qaydada həyata keçirilə bilər. Bu, layihə çərçivəsində nəzərdə tutulan işlərin təşkilinə və icrasına imkan yaradacaq.
Baş nazirin müavini qeyd edib ki, Ermənistan TRIPP layihəsinin tam formalaşmasını gözləmədən, gələcəkdə bu layihəyə təhvil verilməsi nəzərdə tutulan üç infrastrukturun layihələndirilməsinə başlamaq istəyir.
Söhbət dövlətlərarası avtomobil yolundan, elektrik verilişi xəttindən və dəmir yolundan gedir. Onun sözlərinə görə, hər üç infrastruktur Sünik vilayətində tikilməlidir.
