Kirill Dmitriyev və Yana Lantratova viza və logistika məsələlərini həll etmək mümkün olarsa, noyabrın 5-də ABŞ-ın birinci xanımı Melaniya Trampla keçiriləcək görüşdə Rusiyanı təmsil edə bilərlər.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
TASS xəbər agentliyi xəbər verir ki, onun sözlərinə görə, Rusiya tərəfinin əsas nümayəndəsinin ombudsman Yana Lantratova olacağı ehtimal edilir. Lakin onun görüşdə iştirakı hələ tam dəqiqləşməyib.
“Ümid edirik ki, orada Kirill Dmitriyev də olacaq. Amma mənim başa düşdüyümə görə, əsas nümayəndə Yana Lantratova olacaq. Təbii ki, əgər ora çatmağa vaxtı olsa”, – deyə Peskov jurnalistlərə bildirib.
O qeyd edib ki, açıqlamadan cəmi bir neçə saat əvvəl də Lantratova ilə birlikdə uçan nümayəndə heyətinin bütün üzvləri viza ala bilməmişdi.
“Hazırda bu, həmişə problemli məsələdir. Əgər bütün logistika məsələləri, necə deyərlər, qaydasına düşsə, Yana Lantratova və Kirill Dmitriyev görüşdə iştirak edəcəklər”, – Kreml nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, Kirill Dmitriyev Rusiyanın xarici dövlətlərlə investisiya-iqtisadi əməkdaşlıq üzrə prezidentinin xüsusi nümayəndəsidir. Yana Lantratova isə Rusiyanın İnsan Hüquqları üzrə müvəkkilidir.
