İranın ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinə reaksiyası Donald Tramp administrasiyasını hərbi əməliyyatları yenidən başlamağa sövq edə bilər.
Bu barədə Axios nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, vasitəçilik prosesində iştirak edən diplomatlar, Trampın müşavirləri və Yaxın Şərq üzrə ekspertlər İranın seçkilərin nəticələrinə sevincli reaksiyasının ABŞ prezidentinin müharibəni bərpa etmək qərarına gəlməsi ehtimalını artıra biləcəyini düşünürlər.
“Axios”un mənbələri hesab edir ki, Tehranın Vaşinqtonun daxili siyasi vəziyyətindən məmnunluğunu nümayiş etdirməsi ABŞ administrasiyasının mövqeyinə təsir göstərə bilər.
Xatırladaq ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai ABŞ-da aralıq seçkilərdə respublikaçıların gözlənilən məğlubiyyətini şərh edərkən bildirmişdi ki, İslam Respublikasına hücum qələbə gətirmir, əksinə, uğursuzluğa aparır.
