Azərbaycanda 2027-ci ildə pensiyaların və sosial ödənişlərin maliyyələşdirilməsi üçün ayrılan vəsait artırılır. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üzrə büdcə layihəsində xərclərin 9 milyard 272,5 milyon manat olması nəzərdə tutulur. Bu, cari ilin proqnoz göstəricisi ilə müqayisədə 789,4 milyon manat və ya 9,3 faiz çoxdur.
Fondun gəlirlərinin 9 milyard 220,5 milyon manat təşkil edəcəyi gözlənilir. Xərclərin qalan 52 milyon manatı isə əvvəlki dövrdən istifadə olunmamış vəsait hesabına qarşılanacaq.
Büdcə layihəsində ən böyük xərc istiqaməti əmək pensiyalarının ödənilməsidir. Belə ki, 2027-ci ildə bu məqsədlə 8 milyard 669,4 milyon manat ayrılması proqnozlaşdırılır. Bu rəqəm pensiya təminatının Fondun xərclərində əsas yer tutduğunu göstərir.
Lakin burada diqqətçəkən məqam təkcə ayrılan vəsaitin artması deyil. Əsas sual pensiyaçıların gələn il faktiki olaraq nə qədər əlavə vəsait əldə edəcəyidir. Çünki Fondun büdcəsinin böyüməsi bütün pensiyaların eyni məbləğdə artırılması demək deyil.
2027-ci ildə əmək pensiyalarının indeksləşdirilməsi üçün əvvəlki ilin orta aylıq nominal əməkhaqqının artım göstəricisi əsas götürüləcək. Büdcə proqnozlarında bu artımın 7,5 faiz olacağı nəzərə alınıb. Bununla yanaşı, pensiyaların indeksləşdirilməsində məbləğdən asılı olaraq fərqli əmsalların tətbiqi ilə bağlı yeni mexanizm də gündəmdədir.
Samir
