ABŞ-da Konqresə keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, ən azı yeddi müsəlman siyasətçi qanunverici orqana seçilib. Bu, Amerika qanunverici orqanında müsəlmanların indiyədək ən yüksək təmsilçiliyidir. ABŞ tarixində ilk dəfə müsəlman namizəd Senata seçilib.
Azpost.info bildirir ki, bu barədə Amerika mediası məlumat yayıb.
Miçiqan ştatından senator kürsüsünü demokrat Abdul Əl-Seyid qazanıb. Həkim və səhiyyə qurumlarının keçmiş əməkdaşı Respublikaçılar Partiyasının namizədi Mayk Rocersi məğlub edib. Əl-Seyid səhiyyə sistemində islahatların tərəfdarı kimi çıxış edib, ABŞ-ın İsrailə qeyd-şərtsiz hərbi dəstəyini tənqid edib.
Daha iki siyasətçi ilk dəfə Nümayəndələr Palatasına seçilib.
Nyu-Cersi ştatında demokrat Adam Həmavi qələbə qazanıb. Plastik cərrah olan Həmavi ABŞ ordusunda keçmiş hərbi həkim və İraq müharibəsinin veteranıdır. O, bu ştatdan Konqresə seçilən ilk müsəlman olub.
Nyu-Yorkda isə Nümayəndələr Palatasında yer qazanan namizəd Dariyaliza Avila Şevalye olub. O, vətəndaş hüquqları üzrə mütəxəssisdir və sonradan İslamı qəbul edib. Şevalye daha əvvəl Demokratlar Partiyasının ilkin seçkilərində hazırkı konqresmen Adriano Espayatı məğlub etmişdi.
Daha dörd müsəlman siyasətçi Konqresin aşağı palatasındakı yerlərini qoruyub. Bunlar Miçiqandan Rəşidə Tlaib, Minnesotadan İlhan Omar, İndianadan Andre Karson və Kaliforniyadan Latifə Saymondur.
2008-ci ildən Konqresdə fəaliyyət göstərən Andre Karson Nümayəndələr Palatasının ən uzun müddət xidmət edən müsəlman üzvüdür.
Namizədlər seçki kampaniyaları zamanı vətəndaş hüquqları, səhiyyə, sosial siyasət və ABŞ-ın xarici siyasəti məsələlərinə diqqət yetiriblər. Onlardan bəziləri İsrailə Amerika silahlarının qeyd-şərtsiz tədarükünə qarşı çıxıb və fələstinlilərə humanitar yardımın artırılmasına çağırıblar.
