TRIPP layihəsinin həyata keçirilməsi Azərbaycanın regionla nəqliyyat əlaqələrini genişləndirməyə imkan verəcək və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar yarada bilər.
Azpost.info bildirir ki, bu barədə ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen İkinci Dünya Erməni Sammitində çıxışı zamanı bildirib.
Amerikalı diplomatın sözlərinə görə, layihə yalnız dəmir yolu əlaqələrinin inkişafını deyil, digər mümkün nəqliyyat istiqamətlərini də nəzərdə tutur. Layihənin icrası ilə məşğul olacaq şirkət yaradıldıqca və marşrutun konkret parametrləri müəyyənləşdikcə, qeyri-hökumət təşkilatlarının prosesdə iştirakı üçün də yeni imkanlar yaranacaq.
“Bu, Azərbaycanın daha geniş regionla əlaqələrinin qurulması prosesinin bir hissəsidir. Ümid edirəm ki, bu proses çərçivəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin də inkişaf etdiyini görəcəyik. Məncə, qeyri-hökumət təşkilatları burada çox böyük rol oynaya bilər”, – deyə Allen bildirib.
O, hər iki tərəfdən vətəndaş cəmiyyəti nümayəndələrini və ictimai fəalları birləşdirən “Peace Bridge” təşkilatının fəaliyyətini də xatırladıb. Diplomatın fikrincə, bu cür təşəbbüslər erməni və Azərbaycan cəmiyyətləri arasında əlaqələrin inkişafına töhfə verə bilər.
Beləliklə, TRIPP yalnız regionda nəqliyyat bağlantılarını gücləndirməyə yönəlmiş layihə kimi deyil, həm də Azərbaycan və Ermənistan arasında əməkdaşlığın və dialoqun genişləndirilməsi üçün imkan kimi qiymətləndirilir.
S.Abdulla
