Azərbaycanda 2027-ci ildə böyük sosial paketin həyata keçirilməsi nəzərdə tutulur. Bunun üçün dövlət büdcəsində əvvəlcədən ehtiyat vəsait ayrılması planlaşdırılıb. Lakin minimum əməkhaqqı, pensiya və digər sosial ödənişlərin nə qədər artırılacağı hələ açıqlanmayıb.
Bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin bir neçə komitəsinin birgə iclasında məlumat verib.
Nazir bildirib ki, Azərbaycanda əvvəlki illərdə də Prezidentin təşəbbüsü ilə ardıcıl sosial paketlər həyata keçirilib. Bu paketlər çərçivəsində minimum əməkhaqqı və minimum pensiyalar dəfələrlə artırılıb. Hər sosial paketin əhatə dairəsi isə tətbiq olunduğu ildən asılı olaraq 2-3 milyon nəfər arasında dəyişib.
Sahil Babayevin sözlərinə görə, qısa müddət ərzində minimum əməkhaqqı 130 manatdan 400 manata, minimum pensiya isə 116 manatdan 320 manata çatdırılıb. Nazir qeyd edib ki, hökumətin hazırladığı təkliflər yekunlaşdırıldıqdan sonra Prezidentə təqdim olunacaq. Müvafiq sərəncam və fərmanlar imzalandıqdan sonra sosial paketin maliyyə bölgüsü aparılacaq və artımların konkret məbləğləri açıqlanacaq.
Pensiyalar inflyasiyadan çox artacaq?
Maliyyə naziri pensiyaçıların rifahının qorunması üçün hər il pensiyaların indeksləşdirildiyini də xatırladıb. Onun sözlərinə görə, indeksasiya əvvəlki ildə orta aylıq əməkhaqqının artımına uyğun həyata keçirilir. S. Babayev bildirib ki, son beş ildə pensiyaların indeksasiyası orta hesabla 9 faizdən çox olub. Nazirin açıqlamasına əsasən, cari ilin ilk 10 ayında inflyasiya 5,6 faiz təşkil edib. Gələn il üçün inflyasiya proqnozu isə 5,3 faizdir. O vurğulayıb ki, pensiyaların indeksasiyasının inflyasiya səviyyəsindən yüksək olacağı gözlənilir.
Artımlar nə vaxt və hansı məbləğdə olacaq?
Hazırda 2027-ci il üçün sosial paketin konkret parametrləri məlum deyil. Nazirliyin açıqlamasından aydın olur ki, artımların məbləği hökumətin hazırlayacağı təkliflər Prezident tərəfindən təsdiqləndikdən sonra müəyyənləşəcək. Bu səbəbdən minimum əməkhaqqının, minimum pensiyanın və digər sosial ödənişlərin nə qədər artırılacağı barədə indidən konkret rəqəm söyləmək mümkün deyil.
Ancaq dövlət büdcəsində sosial paket üçün ehtiyat vəsaitin nəzərdə tutulması gələn il əhalinin gəlirlərinin artırılması istiqamətində yeni qərarların gözlənildiyini göstərir. Paketin 2-3 milyon nəfəri əhatə edib-etməyəcəyi və hansı sosial qruplara şamil olunacağı isə hökumətin yekun qərarlarından sonra bəlli olacaq.
S. Abdulla
