2027-ci ildə Azərbaycanda əmək pensiyalarının təxminən 7,5 faiz artırılması proqnozlaşdırılır. Lakin pensiyaçıların gələn il alacağı artımın dəqiq faizi hələ məlum deyil. Yekun göstərici 2026-cı ilin əməkhaqqı artımına dair faktiki statistik məlumatlar əsasında müəyyənləşdiriləcək.
Azpost.info xəbər verir ki, 2027-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsində əmək pensiyalarının təqribən 7,5 faiz indeksləşdirilməsi məqsədilə 575,5 milyon manat vəsait nəzərdə tutulub. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev noyabrın 5-də Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı məlumat verib.
Lakin noyabrın 11-də maliyyə naziri Sahil Babayev pensiyaların indeksləşdirilməsi ilə bağlı əlavə açıqlama verərək bildirib ki, artımın dəqiq faizi orta aylıq nominal əməkhaqqının illik dəyişməsinə əsasən müəyyənləşdiriləcək. Nazir yekun göstəricinin gələn ilin yanvar ayının sonunda bəlli olacağını bildirib.
Beləliklə, büdcədə göstərilən 7,5 faiz hələ pensiyaların artırılması ilə bağlı yekun qərar deyil. Bu rəqəm hazırkı proqnozu əks etdirir.
500 manat pensiya alan nə qədər artım əldə edə bilər?
Əgər 7,5 faizlik indeksləşdirmə proqnozu tam şəkildə tətbiq olunarsa, pensiya məbləğlərində aşağıdakı dəyişikliklər baş verə bilər:
-400 manat pensiya – 430 manat;
-500 manat pensiya – 537,50 manat;
-600 manat pensiya – 645 manat;
-700 manat pensiya – 752,50 manat;
-800 manat pensiya – 860 manat.
Qeyd edək ki, bunlar yalnız 7,5 faizlik artımın tam tətbiq olunacağı halda mümkün olan hesablamalardır. Faktiki artım faizi və tətbiq mexanizmi rəsmi qərardan asılı olacaq.
2027-ci ildə pensiyalara nə qədər vəsait ayrılır?
Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üçün büdcə layihəsində əmək pensiyalarının ödənilməsinə 8 milyard 669 milyon manat vəsait nəzərdə tutulub. Fondun ümumi xərclərinin 9 milyard 273 milyon manat olacağı proqnozlaşdırılır. Bunun 8 milyard 950 milyon manatı əhaliyə ödənişlərə yönəldiləcək.
Büdcə proqnozuna əsasən, 2027-ci ildə orta aylıq əmək pensiyasının 639 manata, yaşa görə orta aylıq pensiyanın isə 680 manata çatacağı gözlənilir.
Hazırda əsas diqqət 2026-cı ilin yekun əməkhaqqı göstəricilərinə yönəlib. Məhz bu göstəricilər gələn il pensiyaların indeksləşdirilməsinin faktiki faizinə təsir edəcək.
Samir Abdulla
