Rusiya Dövlət Statistika Xidmətinin (Rosstat) məxfi məlumat bazalarının genişmiqyaslı sızması Moskvanın Ukraynaya qarşı apardığı müharibədə real və geri qaytarılması mümkün olmayan hərbi itkilərinin miqyasını üzə çıxarıb.
Azpost.info bildirir ki, analitik hesablamalara görə, 2026-cı ildə Rusiya hərbçiləri arasında ölənlərin sayı rekord həddə – təxminən 230 min nəfərə çata bilər. Bu, müharibənin başlanmasından bəri ən yüksək illik göstərici olacaq.
“The Economist” nəşri bu barədə məlumat yayıb.
Rusiya dövlət statistika qurumunun məxfi məlumatları Silent Crow və “Kiberpartizanı BY” haker qruplaşmalarının əlinə keçib. Hakerlər noyabrın 1-də Rosstatın serverlərini sındırdıqlarını, noyabrın 7-8-də isə əldə etdikləri məlumatları açıqladıqlarını bildiriblər.
Silent Crow analitiklərinin qiymətləndirməsinə görə, Rosstatın reyestrlərində hərbi əməliyyatlarla birbaşa əlaqəli 450 100 ölüm faktı rəsmi qeydə alınıb. Hakerlər isə avqustun sonuna olan vəziyyətə görə, Rusiya ordusunun real itkilərini təxminən 504 min nəfər qiymətləndirirlər.
Əldə edilmiş sənədlərin təhlili Moskva üçün narahatedici dinamikanı ortaya qoyur: münaqişənin hər yeni ilində ölən rusiyalıların sayı demək olar ki, iki dəfə artıb. Bu tendensiya 2026-cı ilin sonunadək davam edərsə, illik itkilər 230 min nəfərə çatacaq.
Bu rəqəmlər nəşrin daha əvvəl apardığı riyazi modelləşdirmə ilə də üst-üstə düşür. Həmin hesablamalarda Rusiyanın ümumi hərbi itkilərinin 374-770 min nəfər arasında ola biləcəyi bildirilirdi.
Silent Crow qrupunun demoqrafik məlumatlara əsaslanan təhlilinə görə, genişmiqyaslı işğal başlayandan bəri müharibədə Rusiyanın müharibədən əvvəlki dövrdə 60 yaşadək olan kişi əhalisinin ən azı 0,9 faizi həlak olub. Ölkənin iqtisadi cəhətdən ən fəal yaş qrupu hesab edilən 35-49 yaşlı kişilər arasında isə bu göstərici artıq 1 faizi keçib.
Analitiklər qeyd edirlər ki, Ukrayna cəbhə xəttini xeyli az itki hesabına saxlamağa nail olur. Bununla belə, nisbi göstəricilər baxımından demoqrafik zərbə Ukrayna üçün də son dərəcə ağırdır.
Açıq mənbələr əsasında məlumat toplayan UALosses layihəsinin statistikasına görə, 115 952 ukraynalı hərbçinin ölümü təsdiqlənib. Bu, müharibədən əvvəlki dövrdə ölkənin 60 yaşadək kişi əhalisinin təxminən 1,1 faizinə bərabərdir. Daha 105 788 hərbçi isə itkin düşmüş hesab olunur.
Ekspertlər vurğulayırlar ki, statistik məlumatların həqiqiliyi Rusiya rəhbərliyinin, o cümlədən Vladimir Putinin müharibənin real insan itkilərindən tam xəbərdar olduğunu göstərir. Bununla belə, politoloqlar hesab edirlər ki, bu qədər böyük insan itkisi belə Kremlin hərbi-siyasi kursunu dəyişməsinə səbəb olmayacaq.
Bloomberg agentliyinin mütəxəssisləri ələ keçirilmiş Rosstat məlumat bazasını müstəqil texniki yoxlamadan keçiriblər. Onlar məlumatların strukturunda saxtalaşdırma əlamətləri aşkar etməyiblər. Bununla yanaşı, bütün faylların həqiqiliyini kriptoqrafik üsullarla təsdiqləməyin mümkün olmadığını qeyd ediblər.
Rosstat özü qurumun infrastrukturuna güclü kiberhücum faktını etiraf etsə də, məxfi məlumatların sızdığını rəsmi olaraq təkzib edir.
N.Talıblı
