Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin başa çatdırılması ilə bağlı növbəti sülh danışıqlarının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və ya İsveçrədə keçirilə biləcəyini açıqlayıb.
Azpost.info bildirir ki, bu barədə RBC-Ukrayna agentliyi Zelenskinin İrlandiyada Donald Trampın xüsusi nümayəndələri ilə görüşündən sonra jurnalistlərə verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, növbəti danışıqlar mərhələsinin keçiriləcəyi yekun məkan danışıqlar qruplarından asılı olacaq.
“Görüşlər həm Əmirliklərdə, həm də İsveçrədə keçirilə bilər. Bildiyiniz kimi, bu, artıq komandaların qərarından asılıdır. Biz hər iki varianta açığıq”, – deyə Zelenski bildirib.
Ukrayna prezidenti vurğulayıb ki, onun əsas mesajı danışıqları mümkün qədər sürətləndirməkdir. Məqsəd əsirlərin geri qaytarılması, atəşkəsə nail olunması və bundan sonrakı addımların atılmasıdır.
Müsbət siqnalların olub-olmaması ilə bağlı suala cavab verən Zelenski növbəti görüşün keçiriləcəyini təsdiqləyib.
“Növbəti görüş olacaq… Allah eləsin, müharibə başa çatsın… Hələlik ictimaiyyətə açıqlamağa hazır olmadığım çoxlu başqa məsələlər də var”, – deyə Ukrayna lideri bildirib.
Zelenski növbəti sülh danışıqlarında Avropa ölkələrinin də iştirak edəcəyini bir daha təsdiqləyib. Onun sözlərinə görə, bu, Ukrayna üçün prinsipial əhəmiyyət daşıyır və Kiyev iki ildir bu məqsəd uğrunda mübarizə aparır.
