Rusiya NATO-dan qoşunlarını və hərbi bazalarını alyansın şərqə doğru genişlənməyə başlamazdan əvvəl, 1997-ci ildə tutduğu mövqelərə geri çəkməyi yenidən tələb edib.
Moskvanın digər şərtləri ilə yanaşı, bu tələb də Rusiya nümayəndələrinin ABŞ Prezidenti Donald Trampın elçiləri ilə bu həftə keçirilən danışıqlarda yaydığı sənəddə əksini tapıb.
Azpost.info bildirir ki, bu barədə “The New York Times” danışıqların iştirakçılarından birinin təqdim etdiyi sənədin surətinə istinadən məlumat yayıb. Danışıqların gedişindən xəbərdar olan daha bir mənbə də sənədin həqiqiliyini təsdiqləyib.
Noyabrın 10-da tarixlənən sənəd Rusiyanın Əbu-Dabidə keçirilən danışıqlardakı mövqeyini əks etdirir. Bu görüşdə fevral ayından bəri ilk dəfə ABŞ, Rusiya və Ukrayna nümayəndələri üzbəüz danışıqlar aparıblar.
Nəşrin məlumatına görə, Moskvanın əsas tələbləri 2021-ci ilin dekabrından, yəni Rusiyanın NATO-dan gələcək genişlənmədən imtina etməyi və alyansın Şərqi və Mərkəzi Avropadakı hərbi fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırmağı tələb etdiyi vaxtdan, demək olar ki, dəyişməyib.
Yeni sənəddə Moskva NATO ölkələrindən alyansın gələcək genişlənməsini, eləcə də Ukraynada və Şərqi Avropanın digər ərazilərində, Cənubi Qafqazda və Mərkəzi Asiyada “istənilən hərbi fəaliyyəti” istisna etməyi tələb edir.
Rusiya həmçinin Qərbin Ukraynaya bütün növ silahların, hərbi texnikanın və hərbi təyinatlı məhsulların tədarükünün dayandırılmasında israr edir. Moskva Kiyevin Avropa İttifaqına üzvlüyünü mümkün sayır. Lakin bunun üçün Ukrayna Aİ-nin ümumi müdafiə siyasətində iştirak etməməlidir. Bundan əlavə, Rusiya tərəfi Fransa və Böyük Britaniyadan nüvə silahlarının digər Avropa dövlətlərinin müdafiəsi üçün istifadə edilməsi ehtimalını istisna etməyi tələb edir.
2021-ci ildə Moskva NATO-nun nüvə silahlarının birgə istifadəsi mexanizmlərindən imtina etməsini də istəyirdi. Bu mexanizmlər ABŞ-ın Avropadakı müttəfiqlərinə Amerikanın nüvə arsenalının müdafiəsindən yararlanmağa imkan verir.
“The New York Times”ın məlumatına görə, sənəddə imza və ya rəsmi rekvizitlər yoxdur. Bu, diplomatik praktikada “qeyri-rəsmi diplomatik sənəd” (non-paper) adlandırılan və tərəflərdən birinin mövqeyini əks etdirən sənəddir. Danışıqların iştirakçıları bildirirlər ki, sənəddəki tələblər Moskvanın ilkin mövqeyini ifadə edir. Bununla belə, Rusiya nümayəndələri Vladimir Putinin müəyyən güzəştlərə gedə biləcəyinə işarə ediblər.
Rusiya rəsmiləri soyuq müharibə dövrünü və SSRİ-nin rəhbərlik etdiyi Varşava Müqaviləsi Təşkilatını Avropanın müharibədən sonrakı quruluşu üçün nümunə kimi təqdim ediblər. Onların iddiasına görə, qitənin ABŞ və Sovet İttifaqının təsir dairələrinə bölünməsi, eləcə də bu bloklar arasında mövcud olan kommunikasiya və qarşılıqlı anlaşma mexanizmləri münaqişə riskini azaldırdı.
ABŞ tərəfi isə Moskvanı 2021-ci ilin dekabrından bəri dünyada baş verən dəyişiklikləri nəzərə almağa və diqqəti gələcəyə yönəltməyə çağırıb. Amerikalı nümayəndənin sözlərinə görə, Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner gərginliyin azaldılması istiqamətində konkret addımlar nəzərdə tutan yeni Rusiya təkliflərini müzakirə etməyə hazırdırlar.
Əbu-Dabidəki danışıqlardan sonra Uitkoff və Kuşner Moskvaya yollanıblar. Onlar cümə axşamı Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Görüşdən sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Putin 2021-ci ildə irəli sürülən Rusiya təkliflərini hələ də “bölünməz təhlükəsizlik arxitekturasının əsaslarına dair baxışımızın” ifadəsi hesab edir.
Amerikalı nümayəndələr Moskvadan sonra Dublinə gedərək Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqların gedişi barədə məlumatlandırıblar. Görüşdən sonra Cared Kuşner bəyan edib ki, Avropa ölkələrinin iştirakı olmadan razılaşma əldə etmək mümkün deyil.
N.Talıblı
