ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməkdən imtina etməyi ciddi şəkildə nəzərdən keçirir.
CNN telekanalı mənbələrinə istinadən xəbər verir ki, buna respublikaçıların aralıq seçkilərdə məğlub olması təsir göstərib.
Telekanalın məlumatına görə, Vens ötən həftə keçirilən aralıq seçkilərin uğursuz nəticələrindən sonra 2028-ci il prezident seçkilərində iştirak etməmək barədə ciddi düşünməyə başlayıb.
Vensin təxminən on müttəfiqi və müşaviri telekanala bildiriblər ki, vitse-prezident hələ siyasi gələcəyi ilə bağlı yekun qərar qəbul etməyib. O, Donald Trampın tərəfdarları hərəkatı daxilində yaranan fikir ayrılıqlarından, İranla münaqişənin nəticələrindən və ailəsinə daha çox vaxt ayırmaq zərurətindən narahatdır.
Bununla belə, Vensin prezidentlik yarışında iştirak etmək ehtimalı hələ də gündəmdədir. Onun bəzi müttəfiqləri vitse-prezidentin sonda namizədliyini irəli sürəcəyinə inanırlar. Vensin özü isə yekun qərarını nə vaxt açıqlayacağı ilə bağlı konkret vaxt müəyyən etməyib.
ABŞ-da növbəti prezident seçkiləri 2028-ci il noyabrın 7-də keçiriləcək. Hazırda respublikaçıların mümkün namizədləri arasında daha çox vitse-prezident Cey Di Vensin və dövlət katibi Marko Rubionun adları çəkilir.
Demokratların mümkün namizədləri sırasında isə Kaliforniya qubernatoru Qevin Nyusom və Pensilvaniya qubernatoru Coş Şapiro yer alır.
