Arıqlamaq istəyən bir çox insan üçün axşam yeməyi əsl sınağa çevrilə bilər. Həm aclığı aradan qaldıran, həm də çəki azaltmağa kömək edən, eyni zamanda dadlı və doyumlu qidalar seçmək heç də asan deyil.
Uzun illər təcrübəsi olan diplomlu dietoloq Kristen Karli arıqlamaq istəyənlər üçün ideal şam yeməyi resepti təklif edir. Onun fikrincə, bu yemək həm aclığı yatırır, həm də sağlam və qidalı olmaqla arıqlama prosesinə dəstək verir. Bu barədə TSN yazır.
Arıqlamaq üçün ideal şam yeməyinin resepti
Dietoloq toyuq əti, humus və pomidor-xiyar salatından ibarət şam yeməyini tövsiyə edir.
Toyuq əti və humusun tərkibindəki zülal uzun müddət toxluq hissi yaradır. Tərəvəzlərdən alınan lif isə həzmi dəstəkləyir və iştahanı nəzarətdə saxlamağa kömək edir.
Şam yeməyi necə hazırlanır?
1. Ədviyyat qarışığını hazırlayın.
Bir çay qaşığından bir qədər az sarımsaq tozu, bir qədər oregano, bir çay qaşığı hisə verilmiş paprika, yarım çay qaşığı duz və istiot qarışdırın.
2. Toyuq ətini bişirin.
İki toyuq döşünü dörd hissəyə bölün. Üzərinə zeytun yağı çəkin və hazırladığınız ədviyyat qarışığını hər iki tərəfinə səpin. Orta odda tam bişənədək qızardın.
3. Tərəvəz salatını hazırlayın.
Dörddəbir stəkan xiyar, dörddəbir stəkan ikiyə bölünmüş çerri pomidoru və dörddəbir stəkan qırmızı soğanı doğrayın.
Üzərinə bir xörək qaşığı zeytun yağı, bir çay qaşığı qırmızı şərab sirkəsi, dörddəbir çay qaşığı istiot və yarım çay qaşığı oregano əlavə edin. Yaxşıca qarışdırın.
4. Yeməyi süfrəyə verin.
Boşqaba dörddəbir stəkan humus qoyun. Yanına bişmiş toyuq əti və hazırladığınız tərəvəz salatını əlavə edin.
Bu şam yeməyi niyə arıqlamağa kömək edir?
Toyuq əti əzələlərin möhkəmlənməsi üçün vacib olan yağsız zülal mənbəyidir. Zülal maddələr mübadiləsini dəstəkləyir və uzun müddət toxluq hissi yaradır. Bu isə həddindən artıq yeməyin qarşısını almağa kömək edə bilər.
Noxuddan hazırlanan humus lif və faydalı yağlarla zəngindir. Lif həzmi yaxşılaşdırır, qanda şəkərin səviyyəsinin sabit saxlanmasına kömək edir və toxluq hissini uzadır.
Humusun tərkibindəki tahin və yeməyə əlavə edilən zeytun yağı kimi yağlar isə ürək-damar sağlamlığı üçün faydalı hesab olunur.
Bu resept yalnız qidalı deyil, həm də dadlıdır. Zeytun yağı, sarımsaq, limon və təzə göyərti yeməyə əlavə kalori və zərərli yağlar yükləmədən zəngin dad verir.
Belə yeməklər sağlam qidalanmanı uzun müddət davam etdirməyə, eyni zamanda sevimli dadlardan imtina etmədən formada qalmağa kömək edə bilər.
Sunay
