Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra tutduğu vəzifədən gedəcəyini vəd edib. Bu barədə RİA Novosti məlumat yayıb.
Paşinyan bu açıqlamanı noyabrın 18-də parlamentdə hökumət saatı zamanı müxalif deputatlarla mübahisə edərkən səsləndirib. O, konstitusiya referendumu pozulacağı təqdirdə parlamenti buraxacağı və növbədənkənar seçkilər keçirəcəyi ilə rəqiblərini hədələyib. “Əgər siz məni vəzifədən uzaqlaşdırmasanız, mən sizi uzaqlaşdıracağam”, – deyə baş nazir bildirib.
Paşinyan izah edib ki, Konstitusiya ilə bağlı ümumxalq səsverməsinin nəticəsindən asılı olmayaraq, səlahiyyətlərini təhvil verəcək.
Onun sözlərinə görə, referendumda konstitusiya layihəsi qəbul edilməsə, dərhal istefa verəcək. Layihə təsdiqlənəcəyi təqdirdə isə sülh sazişinin ratifikasiyasını təmin edəcək, “Tramp marşrutu”nu açacaq, sərhədin mürəkkəb sahələrində delimitasiya prosesini başa çatdıracaq və yalnız bundan sonra baş nazir postunu tərk edəcək.
N.Talıblı
