Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq ehtimalı ilə bağlı Ankara ilə dialoqun sakit və qarşılıqlı hörmət şəraitində davam etdiyini bildirir.
Bu barədə Rusiyanın Ankaradakı səfiri Sergey Verşinin Türkiyə mediasına müsahibəsində danışıb.
Türkiyənin S-400 sistemlərini başqa ölkəyə satmaq qərarı verəcəyi təqdirdə Moskvanın buna necə reaksiya göstərəcəyi ilə bağlı suala cavab verən səfir deyib ki, bu məsələ ətrafında tərəflər arasında konstruktiv dialoq aparılır.
“Türkiyəli dostlarımızla bu məsələni çox hörmətli və sakit şəkildə müzakirə etməyimiz məni çox sevindirir. Bu, mənim siyasi mövqeyimdir”, – deyə Verşinin bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da daha əvvəl Türkiyədəki S-400 sistemlərinin dost ölkələrdən birinə köçürülməsi məsələsinin gündəmdə olduğunu və bununla bağlı müvafiq işlərin aparıldığını açıqlamışdı. Bu barədə TASS məlumat yayıb.
Türkiyə S-400-ləri 2,5 milyard dollara alıb
Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd divizion S-400 hava hücumundan müdafiə sistemi alıb. 2019-cu ilin oktyabrında “Rosoboroneksport” şirkəti sistemlərin tədarükü ilə bağlı müqavilənin yerinə yetirildiyini açıqlayıb.
Ankaranın Rusiya ilə S-400-lərin alışı barədə müqavilə imzalamasından sonra Türkiyə ABŞ-ın F-35 qırıcılarının istehsalı proqramından çıxarılıb.
2026-cı ilin iyulunda Türkiyənin hakimiyyətə yaxın “Hürriyet” qəzeti öz mənbələrinə istinadən S-400 sistemlərinin Fars körfəzi ölkələrindən birinə yenidən satıldığını yazmışdı. Nəşr mümkün alıcılar sırasında Qətər və Birləşmiş Ərəb Əmirliklərinin adlarını çəkmişdi.
