Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
ilham xanim vyetnam

Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.

Prezidentlər tədbirdə çıxış ediblər.

Əvvəlcə Vyetnam Prezidenti çıxış edib.

Prezident To Lamın çıxışı

– Zati-aliləri Prezident İlham Əliyev və birinci xanım.

Hörmətli qonaqlar.

Bir daha Sizə, cənab Prezident, birinci xanıma və Azərbaycan Respublikasının yüksəksəviyyəli nümayəndə heyətinə Vyetnama rəsmi səfəriniz münasibətilə ən səmimi salamlarımı çatdırmaq istəyirəm. Siz “Odlar Yurdu”ndan minilliklər boyu mədəniyyət tarixi olan paytaxt şəhər Hanoya özünüzlə səmimi sevginizi gətirmisiniz. Vyetnamı və Azərbaycanı minlərlə kilometr ayırır. Hər iki ölkənin özünəməxsus coğrafi və mədəni xüsusiyyətləri var. Ölkələrdən biri Şərq dənizinin, digəri isə Xəzər dənizinin sahilində yerləşir. Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. Ölkəniz ecazkar Qafqaz dağlarını, geniş Xəzər dənizini, yüz illərlə tarixi olan qala və sarayların müasir memarlıq tikililəri ilə birlikdə harmoniya içində mövcud olduğu qədim, lakin müasir paytaxt şəhəri Bakını yada salır. Bundan da heyrətamizi xalqlarımızı birləşdirən oxşar mənəvi, duyğusal və mədəni dəyərlərdir. Bunlara ana vətənimizə sevgi, milli qürur və məğlubedilməz iradə daxildir. Hər iki xalq sarsılmaz olmaqla yanaşı, mehriban, qonaqpərvər və sadiqdir. Ölkənin qonaqlarını ürəkdən və səmimiyyətlə salamlayan Azərbaycanın zəngin mədəni xalçaları şəxsən məni çox təsirləndirmişdir. Xüsusilə Sizin, birinci xanımın və Azərbaycan xalqının bizə göstərdiyi çox səmimi qəbulu nəzərə alaraq, ötən yay Azərbaycana səfərimdən məndə və Vyetnam nümayəndə heyətinin üzvlərində unudulmaz xatirələr qalıb.

Hörmətli qonaqlar, ölkənizin ənənəvi dostu olaraq Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində qazandığı böyük nailiyyətləri qeyd etməkdən həmişə fərəhlənib. Tamamilə əminəm ki, Sizin mükəmməl rəhbərliyinizlə Azərbaycan hətta bundan da böyük inkişafa nail olacaq, regionda və dünyada sülh, sabitlik amallarına dəyərli töhfəsini verəcək. Azərbaycan xalqının Vyetnama milli azadlıq mübarizəsində, yenidən birləşməsində və formalaşmasında verdiyi böyük və qiymətli dəstəyi heç vaxt unutmamalıyıq. Bir çox vyetnamlı üçün Azərbaycan indi onların ikinci evinə çevrilib. Minlərlə vyetnamlı tələbə Azərbaycandakı auditoriyalarda yetişib, orada əldə olunan bilikləri ata yurdunda tətbiq edib, müəllimlərinə və dostlarına səmimi hisslər keçirib. Bu bağlılıq məşhur bəstəkar Qara Qarayevin bəstələdiyi “Vyetnam süitası” əsərində və müharibələrin tüğyan etdiyi bir dövrdə işinə sevgisinin onu Vyetnama aparan, xalqımızın ilk film məktəbinin və inqilabi kinoda yer alan aktyorların qızıl nəslinin təməlini qoyan istedadlı rejissor Əjdər İbrahimovun işində öz əksini tapıb.

Cənab Prezident, möhtərəm qonaqlar. Bizim uzunmüddətli ənənəvi dostluq münasibətlərimiz var. 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərləri xalqlarımız arasındakı əlaqələrdə mühüm mərhələlər olub. Xüsusilə qeyd etmək lazımdır ki, Vyetnam ilə Azərbaycan arasında neft-qaz sahəsində əməkdaşlıq iki ölkənin beynəlxalq həmrəyliyinin və dəstəyinin nümunəvi göstəricisidir. Azərbaycan çətin dövrlərdə neft-qaz sektorunun təməlinin qoyulmasında Vyetnama dəstək göstərib. Sonradan bu sahə inkişaf edərək strateji sütuna çevrilib, Vyetnamın sənayeləşməsi, modernləşməsi və beynəlxalq inteqrasiyası proseslərinə mühüm töhfə verib.

Nəsillər boyu liderlərimizin və xalqlarımızın yaratdıqları səmimi əlaqələr, göstərdikləri əzmkar səylər sayəsində 2025-ci ilin mayında strateji tərəfdaşlığın qurulması ilə ikitərəfli əməkdaşlıq tariximiz yeni mərhələyə qədəm qoydu. Bizim borcumuz iki ölkə arasında mövcud olan etimadı və sevgini daha da möhkəmləndirmək, ikitərəfli münasibətlərimizdəki hər bir inkişafın xalqlarımıza əhəmiyyətli fayda gətirməsini təmin etməkdir.

Əziz dostlar, bu səhər Prezident Əliyevlə mən açıq və mühüm ikitərəfli danışıqlar, Vyetnam-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə daha da möhkəmləndirilməsi imkanları və yolları ilə bağlı fikir mübadiləsi apardıq və razılığa gəldik. Mən qəti şəkildə inanıram ki, qarşılıqlı əzmkarlığımız və səylərimiz sayəsində iki ölkə arasındakı coğrafi məsafə yeni əməkdaşlıq layihələri və nailiyyətlər, həmçinin gənclərimiz arasında mövcud olan və əcdadlarımızdan bizə miras qalan dəyərli dostluq bağları ilə aradan qaldırılacaq.

Təlatümlü dünyada Vyetnam regionda və beynəlxalq aləmdə sülhə, sabitliyə, əməkdaşlığa və inkişafa töhfə vermək, bununla da hər iki xalqın öz gələcəyini inamla qurması üçün zəmin yaratmaq məqsədilə Azərbaycanla birlikdə çalışmaq istəyir.

Cənab Prezident, ölkələrimiz arasında nəsillər boyu formalaşmış səmimi münasibətləri nəzərə alaraq Sizin Vyetnama səfəriniz şübhəsiz ki, Vyetnam-Azərbaycan əlaqələrinin növbəti inkişaf mərhələsinə yeni təkan verəcək.

X X X

Sonra Azərbaycan Prezidenti çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

– Hörmətli cənab Prezident, hörmətli birinci xanım.

Xanımlar və cənablar.

Cənab Prezident, ilk növbədə, məni Vyetnama rəsmi səfərə dəvət etdiyinizə, eləcə də səfər zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Gözəl ölkənizə yenidən səfər etməyə şadam.

Gələn il biz Azərbaycanla Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünü qeyd edəcəyik. Lakin xalqlarımız arasında mövcud olan dostluq əlaqələrinin tarixi daha qədimdir. Azərbaycan-Vyetnam dostluq və əməkdaşlıq əlaqələrinin, xoş ənənələrinin əsası ötən əsrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Prezident Ho Şi Min tərəfindən qoyulmuşdur. Bu tarixi irsin bu gün də qorunaraq yaşadılması və davam etdirilməsi böyük məmnunluq doğurur.

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır. Keçən il hörmətli Prezident cənab To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni pilləyə qaldırdı.

Vyetnama səfərimin nəticələrindən çox məmnunam. Biz səmərəli görüşlər keçirərək ikitərəfli əlaqələrimizin geniş spektrinə və əməkdaşlığımızın perspektivlərinə dair faydalı fikir mübadiləsi apardıq, vacib sənədlər imzalandı. Azərbaycanla Vyetnam arasında yüksəksəviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma siyasi, iqtisadi-ticari, enerji, müdafiə, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradır. İnanıram ki, birgə səylərimizlə strateji tərəfdaşlığımızın daha da güclənməsinə nail olacağıq.

Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Vyetnamın hər zaman, xüsusilə də 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.

Ölkələrimizin mədəni və humanitar əlaqələrinin də zəngin tarixi mövcuddur. Hələ 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev “Vyetnam süitası”nı bəstələmiş, Vyetnam Prezidenti Ho Şi Minin dəvəti ilə azərbaycanlı kinorejissor, ssenarist və yazıçı Əjdər İbrahimov bir müddət Vyetnamda çalışaraq burada ilk milli kino məktəbinin yaradılmasında iştirak etmişdir. Eyni zamanda, sovet dövründə 5 minə yaxın vyetnamlı tələbə Azərbaycanda təhsil alaraq, daha sonra vətənlərinin rifahına töhfə verən peşəkar mütəxəssislərə çevrilmişdir.

AzPost.az

Post navigation

Previous: “Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan
Next: Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

Oxşar xəbərlər

ilham vyet prez
  • Siyasət

Prezidentlər geniş tərkibdə görüşdü

User 21 Noyabr 2026 - 12:27
ilham vyetnam
  • Siyasət

Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul edib

User 21 Noyabr 2026 - 10:42
tofiq zülfüqarov
  • Siyasət

“Tramp İran məsələsində Rusiya və Çindən kömək istəyib” – Tofiq Zülfüqarov

User 20 Noyabr 2026 - 12:04

xƏBƏR

su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə keçirdikləri tədbirlərlə...
Read more about Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
DİN həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntüləri yaydı orxan hebs
  • Sosial

DİN həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntüləri yaydı

User 21 Noyabr 2026 - 13:07
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.