Abid Şərifovun şirkəti “Azercell”i məhkəməyə verib –Mobil operator hansı öhdəlikləri yerinə yetirməyib?

Azərbaycanın mobil operator bazarında aparıcı oyunçusu “Azercell Telekom” şirkəti məhkəməyə verilib.

Azpost.info xəbər verir ki, iddiaçı Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” Açıq Səhmdar Cəmiyyətidir (ASC). İddia Bakı Kommersiyası Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir. “Evrascon” ASC baş nazirin keçmiş müavini Abid Şərifovun biznes imperiyasına daxil olan şirkətlərdən hesab edilir.

Abid Şərifov məşhur “Alabala açıqlaması” ilə gündəmə gələndə mediada onun biznesi barədə araşdırma materialı dərc edildi. Həmin materialda “Evrascon” ASC-nin Şərifovla bağlılığı barədə aşağıdakı faktlar yer almışdı: “100 nömrəli körpütikinti dəstəsi bir vaxtlar “Azərnəqliyyatyoltikinti” trestinə daxil olub və sonradan, yəni 2001-ci ildə “Azərkörpü” Açıq Səhmdar Cəmiyyətinə çevrilən bu komanda ilə Şərifovu möhkəm bağlar birləşdirir.

İşçilərinin sayı 5 mini aşan, çoxlu sayda inşaat materialları (beton, yığma dəmir beton, metal konstruksiyaları, asfalt və s.) istehsalı sahələrinə, sayı bir neçə yüz ədədlə ifadə olunan nəqliyyat vasitələri və xüsusi inşaat texnikasına malik olan şirkətin fəaliyyəti Azərbaycanla məhdudlaşmır və ölkə hüdudlarından kənarda belə (Rusiya, Qazaxıstan, Özbəkistan və s.) bir çox infrastruktur obyektlərinin inşası ilə məşğuldur. Buna görə də 2013-cü ildə şirkət adını dəyişərək, “Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC oldu. Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı “EVRASCON” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Nominal dəyərlə, bu, 56 min manata yaxın bir məbləğ edir.

Lakin nəzərə alsaq ki, təkcə 2012-ci ilin nəticələrinə görə bu şirkətin aktivləri 275,5 milyon manata çatmışdı, səhmdarlara aid kapital isə 120 milyon manata çatırdı, bu səhmlərin arxasında dayanan sərmayə haqda müəyyən təsəvvür yaranır. Söhbət Şərifovlara məxsus səhmlərin təxminən 14,5 milyon manat həcmində kapitallaşmasından gedir. Şərifovların “EVRASCON” ASC-yə birbaşa bağlılığını onların seçici siyahıları üzrə qeydiyyat ünvanı göstəriciləri də təsdiq edir. Onların hər ikisi Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73 ünvanında qeydiyyatdadırlar. Bu, reyestr göstəriciləri ilə eynidir”.

Hüseyn Abbas

Əvvəlki məqalə

Ərdoğan zəlzələdə həlak olanların və dağılan binaların sayını açıqladı

Sonrakı məqalə

Türkiyədə yenidən zəlzələ olub