Rusiyalı oliqarx Roman Abramoviç “Çelsi” klubunun satışa çıxarıldığını təsdiqləyib. O, əldə edilən bütün gəliri Ukrayna savaşının qurbanları üçün xeyriyyə fonduna göndərəcəyini vəd edib.
Azpost.info xəbər verir ki, Abramoviç hansı qurbanlardan danışdığını dəqiqləşdirməyib. “Son bir neçə gündə “Çelsi” ilə bağlı mediada yayılan spekulyasiyalar barədə danışmaq istərdim. Əvvəllər də dediyim kimi, mən həmişə klubun maraqlarına uyğun qərarlar vermişəm. Ona görə də indiki vəziyyətdə klubu satmaq qərarına gəldim. Hesab edirəm ki, bu, klubun, azarkeşlərin, işçilərin, eləcə də sponsorların və tərəfdaşların maraqlarına uyğundur”.
Abramoviç deyib ki, “Çelsi”nin satışı qısa zamanda olmayacaq, lakin lazımi prosedura uyğun həyata keçiriləcək: “Heç bir kreditin qaytarılmasını tələb etməyəcəyəm. Mənim üçün bu, heç vaxt biznes və ya pul məsələsi olmayıb. Bu, oyuna və kluba olan həvəsdir. Üstəlik, mən komandaya bir xeyriyyə fondu yaratmağı tapşırdım. Satışdan əldə olunan bütün xalis gəlir ora köçürüləcək. Fondun pulu Ukraynadakı müharibədən zərər çəkənlərə xərclənəcək. Buraya qurbanların təcili ehtiyacları üçün vəsaitlərin təmin edilməsi, eləcə də uzunmüddətli bərpa səylərinin dəstəklənməsi daxildir”.
Oliqarx klubu satmaq qərarını asan vermədiyini bildirib: “Bilin ki, bu, inanılmaz dərəcədə çətin bir qərar idi və bu şəkildə klubu tərk etmək məni ağrıdır. Lakin klubun maraqlarına uyğun olduğuna inanıram. Ümid edirəm ki, sizin hamınızla şəxsən vidalaşmaq üçün sonuncu dəfə “Stamford Bric”i ziyarət edə bilərəm. “Çelsi”nin bir hissəsi olmaq mənim üçün ömürlük bir imtiyaz oldu və mən bütün nailiyyətlərlə fəxr edirəm. “Çelsi” və onun azarkeşləri hər zaman ürəyimdə olacaq”.
Bu arada, “Bloomberg” xəbər verir ki, rusiyalı milyarder London klubu üçün 4 milyard funt-sterlinq istəyir.
Azpost.info