Macarıstanın ilk neft şirkəti olan MOL Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” yataqları blokunda ABŞ-ın “Şevron” şirkətinə məxsus payı alacaq.
Azpost.info bildirir ki, bu barədə “Le Fiqaro” qəzeti məlumat yayıb.
Bu iki layihədə iştirak etmək üçün şirkət Azərbaycana 1,5 milyard dollar sərmayə yatıracaq. Beləliklə, şirkət bu layihədə 9,57%-lik payla, üçüncü ən böyük tərəfdaşa çevriləcək.
Macarıstanın ümumilikdə 26 min insanın işlədiyi bu neft-qaz konserni, həmçinin Azərbaycanı Rusiyadan yan keçməklə Türkiyəyə birləşdirən, onun neftini xrac etdiyi 3 kəmərdən biri olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərində də 8,9%-lik pay əldə edəcək.
“Keçmiş sovet respublikası olan Azərbaycan zəngin hidrokarbogen ehtiyatlarına malikdir. O, Xəzər dənizindən Avropaya neft və qazın nəql olunduğu strateji marşrutun başlanğıc nöqtəsidir. “Azər-Çıraq-Günəşli” yataqlar blokunun istismarında əsas pay sahibi 30,4%-lə Böyük Britaniya BP şirkətidir. Digər böyük investorlar 25%-lə SOCAR/AzACG və 6,79%-lə “ExxonMobil”dir”-deyə məlumatda qeyd olunur.
Bu barədə həmçinin “Reuters” agentliyi də bank və neft sahəsindəki mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, əvvəlcə MOL “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağındakı iki neft şirkətinin – “Chevron” və onun daha böyük rəqibi olan ABŞ-ın “Exxon Mobil” şirkətlərinin payları ilə maraqlanıb, lakin sonradan yalnız “Chevron”un 9,57%-lik payının satın alınması üçün təklif edib.
“Chevron” və MOL məsələyə şərh verməkdən imtina edib.
Qeyd olunur ki, danışıqlar Baş nazir Viktor Orbanın başçılıq etdiyi Macarıstan hökumətinin Mərkəzi Asiya ölkələri ilə daha yaxın əlaqələr qurmaq kursunu açıqlamasından sonra başlayıb.
“Chevron” və “Exxon Mobil” şirkətləri hazırda yenidən yerli istehsala yönəliblər və buna görə “Exxon Mobil” AÇG-dəki 6,8%-lik payı üçün alıcı axtarışlarını davam etdirəcək.
Banklardakı mənbələrin məlumatına görə, satış prosesini “Bank of America Merrill Lynch” (BAML) həyata keçirir. BAML da məsələyə şərh verməkdən imtina edib.
“Əsrin müqaviləsi” 1994-cü ilin sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı idi, ancaq 2017-ci il sentyabrın 20-də Bakıda “Azəri-Çıraq-Günəşli” neft yatağının 2050-ci ilədək işlənməsi ilə bağlı yeni müqavilə imzalanıb.
Konsorsium iştirakçıları arasında BP (Böyük Britaniya, layihənin operaotru, 30,37%), SOCAR (Azərbaycan, 25%), “Şevron” (ABŞ, 9,57%), INPEX (Yaponiya, 9,31%), “Equinor” (Norveç, 7,27%), “Exxon Mobil” (ABŞ, 6,79%), TPAO (Türkiyə, 5,73%), ITOCHU (Yaponiya, 3,65%) və “ONGC Videsh Ltd” (Hindistan, 2,31%) var.
Hazırda AÇG yatağından gündə təxminən 550 min barel neft hasil olunur. Həmin neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutları ilə ixrac olunur.
AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzər dənizinin altında 2000-3500 m dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir.
Azpost.info