ABŞ şənbə günü Kennedi Kosmik Mərkəzindən kosmosa uçuşu həyata keçirəcək. Astronavtların Amerika ərazisindən kosmosa göndərilməsindən demək olar on il sonra ilk dəfə olaraq astronavtlar özəl şirkətin hazırladığı raketdə kosmosa uçacaq.
Astronavtlar Doq Hörli və Bob Behnken Kennedi Fəza Mərkəzindən kosmosa SpaceX raketində uçacaq. Kaliforniyada qərargahlanan SpaceX Aerokosmik Şirkəti milyarder İlon Maksa məxsusdur.
İlk olaraq çərşənbə gününə təyin olunan uçuş Florida ştatının cənubşərq hissəsində yerləşən Kennedi Kosmik Mərkəzi yaxınlığında qasırğalı hava şəraiti səbəbilə təxirə salınmışdı.
Astronavtların Amerika ərazisindən kosmosa son uçuşu 2011-ci ildə baş tutub. Ondan sonra Milli Aeronatika və Fəza Administrasiyası, NASA, kosmik məkikdən istifadəni dayandırıb. ABŞ o zamandan bəri astronavtlarını Beynəlxalq Kosmik Stansiyaya yollamaq üçün Rusiyanın fəza agentliyi ilə əməkdaşlıq edirdi.
Əgər 24 mərtəbə hündürlüyündə olan SpaceX Falcon 9 raketinin uçuşu müvvəfəq olsa, Hörli və Behnken yenicə dizayn edilmiş Crew Dragon kapsulunda Yer kürəsinin ətrafında 19 saat boyunca dövr vurduqdan sonra Beynəlxalq Kosmik Stansiyaya yanaşmağa çalışacaqlar.
Milli Xəbər Xidmətinin şənbə gününə olan proqnozuna görə, Kennedi Fəza Mərkəzi ətrafında leysan yağışlar və ildırım gözlənilir. (Amerikanın Səsi)