Minnesota ştatının Minneapolis şəhərində polis nəzarətində ölən afrikalı amerikalı Corc Floydun ölümünə etirazlar ABŞ-ın böyük şəhərlərində cümə axşamı axşam saatlarında da davam edib. Nümayişlər zamanı zorakılıq hadisələrinin daha az olduğu bildirilib.
Əvvəlki günlərdən fərqli olaraq, əsasən də Nyu-Yorkda, nümayişlərin intensivliyi azalıb. Orada axşam saat 8-dən, komendant saatı qüvvəyə minəndən sonra da nümayişlər keçirilib. Paytaxt Vaşinqtonda da nümayişlər davam edib.
Vaşinqton şəhərinin meri Muriel Bovser, şəhərdə komendant saatının qaldırıldığını bildirsə də, bunun müvəqqəti olub-olmadığı bəlli deyil.
Hərbi polisin və bir neçə federal agentliyin hüquq mühafizə bölmələrinin Vaşinqtona yerləşdirilməsi şəhər rəsmiləri ilə federal hökumət arasında mübahisəyə səbəb olub.
“Aydındır ki, biz ən əsası ordunun, başqa ştatdan olan qoşunlaeın Vaşinqtondan çıxarılmasını istəyirik,” Bovser bildirib.
Şəhər rəsmiləri federal hökumətdən etirazlara müdaxiləsini yalnız Ağ Evin ətrafı və oraya yaxın Lafayet Meydanındakı ərazi ilə məhdudlaşdırmağı tələb edib.
Vaşinqton Post qəzeti cümə axşamı gecə baş verən ildırım və güclü yağış zamanı Ağ Ev yaxınlığındakı Lafayet Parkında Milli Qvardiyanın iki əsgərinin xəsarət aldığını bildirib.