ABŞ Dövlət Departamenti Türkiyə konsulunun qatili Sasunyanın vaxtından əvvəl azad edilməsini pisləyib

12 Mart 2021 - 12:23

Kaliforniya qubernatoru Gevin Nyusom 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulunun qətlə yetirilməsinə görə ömürlük həbs cəzası çəkən erməni Hampiq Sasunyanın işi üzrə məhkəmə qərarı barəsində özünün bundan sonrakı apelyasiyalarından imtina etməyi qərara alıb. Qubernatorun bu qərarı o deməkdir ki, Hampiq Sasunyan tezliklə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilər.

Qubernator Nyusom bundan əvvəl Sasunyanın cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi hüququnu rədd etmişdi. Lakin Los-Anceles dairəsinin ali məhkəməsinin hakimi Uilyam Rayan Nyusomun qərarını ləğv etmişdi.

Hampiq Sasunyan artıq 40 ilə yaxındır ki, türkiyəli diplomat Kamal Arıkanın qətlə yetirilməsinə görə Kaliforniya ştatındakı San-Kventin həbsxanasında cəza çəkir. Həbsxanaya düşəndə 19 yaşı olan Sasunyan indi 57 yaşındadır. “Erməni soyqırımı” məsələsində ədalət uğrunda mübarizlər” adlı erməni terror təşkilatının üzvü olan Sasunyan 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki baş konsulunun avtomobili işıqfor yanında dayandığı müddətdə onun sinəsinə və başına 14 atəş açıb. Uzun sürən məhkəmə prosesindən sonra 1984-cü ilin fevralında məhkəmə Sasunyanı ömürlük həbs cəzasına məhkum edib.

Kaliforniya qanunlarına görə, 25 ildən artıq həbsxanada qalmış məhbuslar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmək üçün vəsatət hüququ əldə edir. Sasunyan 2007-ci ilin oktyabr ayından bəri bir neçə dəfə bu hüququndan istifadə etməyə çalışıb, lakin Türkiyə Xarici İşlər Nazirliyinin bu məsələyə müdaxiləsi sayəsində Amerika məhkəməsi terrorçunun bütün vəsatətlərini rədd edib. Bu dəfə kaliforniyalı hakim və qubernator başqa qərar qəbul ediblər.

ABŞ Dövlət Departamenti bu qərarla əlaqədar bəyanat verib. Bəyanatda deyilir: “Dövlət Departamenti çox məyusdur ki, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanın qətlə yetirilməsində təqsirkar hesab edilmiş Hampiq Harri Sasunyanın Kaliforniya ştatında cəzadan şərti olaraq vaxtından əvvəl azad ediləcəyi gözlənilir. Diplomata hücum edilməsi təkcə bir şəxsə qarşı ağır cinayət deyil, diplomatiyanın özünə hücum deməkdir”.

Bəyanatda daha sonra qeyd edilir ki, ABŞ bütün dünyada öz işinə sadiq amerikalı diplomatların təhlükəsizliyinə xüsusi diqqət yetirən dövlət olaraq uzun illər boyu bir mövqeyə tərəfdar olub: diplomatların qətlə yetirilməsində iştirak etmiş cinayətkarlar mümkün olan maksimum cəzanı almalı və vaxtından əvvəl həbs azad edilmək hüququ olmadan cəza müddətini çəkməlidirlər.

ABŞ Dövlət departamenti bəyanatın sonunda “cənab Arıkanın ailəsinə və Türkiyə Xarici İşlər Nazirliyindən olan həmkarlarına üz vermiş bu itki ilə əlaqədar onlara dərin hüznlə başsağlığı verir”.