ABŞ Dövlət Departamentində Minsk qrupu həmsədrləri ilə görüş keçirilib

28 Sentyabr 2021 - 19:12

Sentyabrın 27-də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ABŞ Dövlət Departamentində görüş keçirilib. Bu haqda Dövlət Departamenti məlumat yayıb.

Görüşdə Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisinin əsas müavini Derek Hoqan, Milli Təhlükəsizlik Şurasının Avropa üzrə Baş Direktoru Amanda Sloat, həmçinin Minsk qrupunun Fransadan həmsədri Stefan Viskonti, ABŞ-dan Endrü Şofer, Rusiyadan İqor Xovayev, eləcə də ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi təmsilçisi Andrey Kasprşik iştirak edib.

Həmsədrlər ötən həftə BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən ilin noyabrından bəri ilk görüşünü müzakirə ediblər. Onlar sentyabrın 27-də Dağlıq Qarabağ müharibəsinin bir ili tamam olduğunu qeyd edib, hər iki tərəfdən itkilərə görə başsağlığı veriblər.

“Onlar qeyd ediblər ki, yalnız bütün vacib məsələləri yoluna qoyan hərtərəfli həll iki ölkənin münasibətlərini normallaşdırar, regionda əhalinin dinc yanaşı yaşamasına yol açardı”, – məlumatda deyilir.

ABŞ rəsmiləri həmsədrlərin işini, Ermənistanla Azərbaycanın regionda təhlükəsizliyə, sabitliyə və rifaha töhfə vermək məqsədilə birbaşa dialoq vasitəsilə sülh prosesini yenidən başlatmaq əzmini alqışlayıblar.

“Onlar Birləşmiş Ştatların həmsədr ölkələrlə birlikdə Ermənistana və Azərbaycana Dağlıq Qarabağ münaqişəsindən doğan bütün vacib məsələlərin həllində köməyə hazır olduğunu bildiriblər”, – deyə bəyanatda deyilir və həmin məsələlər sırasında saxlananlar, itkinlər, ərazilərdən minalardan təmizlənməsinin olduğu qeyd edilir.