ABŞ və İran arasında Hörmüz boğazında gəmiçiliyin bərpasına dair mümkün razılaşma ilə bağlı yayılan xəbərlər qlobal neft bazarında ciddi dalğalanma yaradıb. Diplomatik irəliləyişin yaxın günlərdə əldə olunacağına dair gözləntilər investorların risk narahatlığını azaldıb və nəticədə neftin qiyməti təxminən 5 faiz ucuzlaşıb. Analitiklər hesab edirlər ki, razılaşma baş tutarsa, enerji bazarında gərginlik daha da azalacaq və neft tədarükü normallaşmağa başlayacaq.
ABŞ rəsmilərinin açıqlamalarından sonra Brent markalı neftin qiyməti 80 dollar həddindən aşağı enərək bir barel üçün 79,62 dollar ətrafında qərarlaşıb. WTI markalı ABŞ xam nefti isə 75,90 dollar səviyyəsinə qədər geriləyib.
Bazar iştirakçılarının fikrincə, qiymətlərin enməsinin əsas səbəbi Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı optimist gözləntilərdir. ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan hərbi əməliyyatı diplomatik danışıqlara şans vermək məqsədilə təxirə salması bazarda müsbət siqnal kimi qiymətləndirilib.
ABŞ Maliyyə Naziri Skott Bessent və Dövlət Katibi Marko Rubio açıqlamalarında razılaşmanın “bu gün və ya sabah” imzalana biləcəyini bildiriblər. Danışıqlar Omanın vasitəçiliyi ilə aparılır.
Müzakirə olunan təklifə əsasən, Hörmüz boğazına daxil olan gəmilər İran sahili boyunca, çıxan gəmilər isə Oman sahili istiqamətində hərəkət edəcək. Eyni zamanda tranzit gəmilərdən müəyyən xidmət haqqının alınması və İrana qarşı bəzi sanksiyaların yumşaldılması variantları da müzakirə olunur.
Neft bazarındakı gərginliyin əsas səbəblərindən biri də son aylarda Hörmüz boğazından daşınan neft həcminin kəskin azalmasıdır. Fevral ayında başlayan hərbi böhrandan əvvəl bu marşrutla gündə təxminən 20 milyon barel neft daşınırdı. Hazırda isə bu göstərici 3-5 milyon barel arasında dəyişir. Mümkün razılaşmanın əsas məqsədi bu marşrut üzrə tədarükü bərpa etməkdir.
Qiymətlərə təsir göstərən digər mühüm amil isə OPEC+ ölkələrinin sentyabr ayından etibarən neft hasilatını mərhələli şəkildə artırmaq qərarıdır. Bazar əlavə təklifin artacağını nəzərə alaraq qiymətlərə aşağı istiqamətli təzyiq göstərir.
Bununla belə, bazarda ehtiyatlı optimizm qorunur. Goldman Sachs analitikləri hesab edirlər ki, razılaşma rəsmən təsdiqlənənə qədər Brent neftinin qiyməti 80-90 dollar diapazonunda ticarət olunmağa davam edəcək. Razılaşmanın uğurla başa çatacağı təqdirdə isə qlobal enerji bazarında sabitliyin güclənməsi və qiymətlər üzərində geosiyasi təzyiqin azalması gözlənilir.
Regiondakı gərginlik fonunda Azərbaycanın “Azeri Light” markalı nefti 100 dolları ötmüşdü. Bu, dövlət büdcəsində nəzərdə tutulan 65 dollarlıq proqnozdan yüksək olduğu üçün ölkəyə valyuta axınını artırıb. Lakin ABŞ-İran razılaşmasının tam baş tutması və Hörmüz boğazının tam açılması neft qiymətlərini daha da aşağı sala bilər ki, bu da Azərbaycanın enerji gəlirlərinə ikili (azaldıcı) təsir göstərəcək.
Samir Abdulla