ABŞ İrana bağlı silahlı qruplara hava zərbələri endirib –

Prezident Bayden əmr edib
28 İyun 2021 - 09:43

ABŞ Hərbi Hava Qüvvələri ötən gün iyunun 27-də Suriya-İraq sərhədində İrana bağlı silahlı qruplaşmaların bazalarına hava zərbələri endirib. Pentaqonun yaydığı rəsmi məlumatda deyilir ki, hava zərbələri prezident Cozef Baydenin əmri əsasında endirilib və hədəf İranın dəstəklədiyi silahlı qruplaşmaları bölgədəki Amerika maraqlarına qarşı təhdidlərdən çəkindirmək olub. Hava əməliyyatı zamanı həmin qruplaşmanın silah anbarları və obyektləri hədəf alınıb.

Pentaqonun nümayəndəsi Con Kirbi bildirib ki, həmin hədəflər İrana bağlı qruplaşma tərəfindən İraqdakı Amerika hərbi hədəflərinə pilotsuz uçan aparatlardan da istifadə etməklə həyata keçirdiyi hücumlar zamanı istifadə edildiyi üçün vurulub. Kirbi jurnalistlərə deyib ki, Suriya ərazisində iki, İraq ərazisində bir baza  hədəf alınıb. Bunlar İrana bağlı “Xətaib Hizbullah” və “Xətaib Səid əl-Şühada” qruplaşmalarının bazalarıdır.

Pentaqon nümayəndəsi bildirib ki, Amerika hərbçiləri İraq hökumətinin dəvəti ilə bu ölkədə yerləşiblər və “İslam dövləti” terror qruplaşmasına qarşı mübarizə aparırlar. Onun sözlərinə görə, ABŞ beynəlxalq hüquqa əsasən hərəkət edib və özünü müdafiə edərək İrana bağlı qüvvələrin təhdidlərinin qarşısını almaq, İraqdakı Amerika personalını müdafiə etmək üçün preventiv addımlar atıb.

Ərəb telekanalları isə xəbər verir ki, ABŞ-ın hava zərbələri nəticəsində bir uşaq həlak olub, üç mülki sakin xəsarət alıb.  Suriyanın Deyr-əz-Zor əyalətinin Əbu-Kamal şəhərinin sakinləri deyiblər ki, Amerika təyyarəsi yaşayış evini hədəf alıb. ABŞ aviasiyası bu regionda birdən çox hücum həyata keçirib, İrana bağlı qruplaşmaların itkiləri barədə məlumat yoxdur.