ABŞ və İran arasında hərbi qarşıdurmada yeni mərhələ başlayıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb.
CENTCOM-un “X” sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat sentyabrın 1-də başlayıb.
ABŞ tərəfi zərbələri SEPAH-ın son günlər Hörmüz boğazında kommersiya gəmilərinə və bölgədə yerləşən ABŞ hərbçilərinə qarşı hücum cəhdləri ilə əlaqələndirib.
Hörmüz boğazı əsas gərginlik nöqtəsinə çevrilib
ABŞ-İran qarşıdurmasında Hörmüz boğazının xüsusi əhəmiyyəti var. Bu su yolu qlobal enerji daşımaları üçün strateji marşrutlardan biridir. Son hadisələr fonunda gəmiçilik üçün təhlükəsizlik riskləri artıb və regionda hərbi gərginlik yenidən yüksəlib. Reuters də ABŞ-ın yeni zərbələrini Hörmüz boğazı yaxınlığında İran hədəflərinə qarşı mühüm eskalasiya kimi qiymətləndirib.
ABŞ hərbçilərinin yeni əməliyyatının miqyası və konkret hansı SEPAH obyektlərinin vurulduğu barədə isə CENTCOM ilkin açıqlamada ətraflı məlumat verməyib.
İran mediası isə zərbələrdən sonra ölkənin cənubunda, o cümlədən Bəndər-Abbas ətrafında partlayış səslərinin eşidildiyini bildirib.
Yeni zərbələr tərəflər arasında bir müddət davam edən nisbi fasilədən sonra qarşıdurmanın yenidən genişlənməsi deməkdir. AP-nin məlumatına görə, ABŞ-ın son əməliyyatı İranın SEPAH qüvvələrinin kommersiya gəmilərinə və ABŞ hərbçilərinə qarşı hücum cəhdlərinə cavab olaraq həyata keçirilib.
Bu vəziyyət xüsusilə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi, neft tədarükü və qlobal enerji qiymətləri baxımından yeni risklər yaradır.
İranın cənub və cənub-şərqində bir neçə şəhərdə partlayış səsləri eşidilib.
İran mediasının məlumatına görə, Sistan və Bəlucistan əyalətinin Konarak və Çabahar, eləcə də Hörmüzgan əyalətinin Bəndər Abbas və Sirik şəhərlərində partlayış səsləri qeydə alınıb. Qəşm adasında da partlayışların eşidildiyi bildirilir. Reuters və digər beynəlxalq mənbələr də bu şəhərlərdə partlayış xəbərlərini təsdiqləyib.
Hadisələrin səbəbi ilə bağlı hələlik İran hakimiyyətindən ətraflı rəsmi açıqlama verilməyib.
Bu xəbərlər ABŞ-ın İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə yeni zərbələr endirdiyini açıqlamasından sonra yayılıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) zərbələrin SEPAH-ın Hörmüz boğazında kommersiya gəmilərinə və ABŞ hərbçilərinə qarşı son hücum cəhdlərinə cavab olaraq həyata keçirildiyini bildirib