Mayın 27 və 28-də ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri, Konqresin nüfuzlu Təxsisatlar Komitəsinin və Helsinki Komissiyasının üzvü, Konqresmen Robert Aderholt və Konqresin Xarici İşlər Komitəsinin nüfuzlu üzvlərindən biri olan Stiv Şabot Konqresdə bəyanatlar verərək Azərbaycanın Respublika Günü münasibətilə təbrik ünvanlayıblar.
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən APA-ya verilən məlumata görə, konqresmen Robert Aderholt (Respublikaçı – Alabama) bəyanatında bildirib ki, Azərbaycan müstəqilliyinin və demokratiyanın 102-ci ildönümünü qeyd edir. 28 may 1918-ci ildə Azərbaycan müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olub. Azərbaycanın 1920-ci ildə Sovet İttifaqına birləşdirilməsinə baxmayaraq, 70 il sonra 1991-ci ildə yenidən müstəqilliyini bərpa edib.
Bəyanatda Azərbaycanın İsrail ilə güclü əlaqələri, enerji təhlükəsizliyində və regional sabitlikdə əsas rolu xüsusilə vurğulanır. Müsəlman çoxluğa malik Azərbaycanın firavan və təhlükəsiz şəraitdə yaşayan yəhudi icmasına ev sahibliyi etdiyi və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin güclü olduğu bildirilir. Bundan əlavə, Azərbaycanın, xüsusilə Xəzər dənizi bölgəsində Rusiya neftindən asılılığı azaldacaq Cənub Qaz Dəhlizi vasitəsilə səylər qeyd edilməklə qlobal enerji təhlükəsizliyinin qorunmasına sadiq olduğu diqqətə çatdırılır.