ABŞ KTMT qüvvələrini Qazaxıstanı tərk etməyə çağırıb

12 Yanvar 2022 - 08:19

“ABŞ Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Qazaxıstanda öz missiyasını yerinə yetirməsi barədə elanı alqışlayır və kontingenti bu ölkənin hakimiyyət orqanlarının tələbi ilə respublikanı tez bir zamanda tərk etməyə çağırır”.

Bunu çərşənbə axşamı keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

“Biz Almatıda vəziyyətin sakitləşməsi ilə bağlı xəbərləri, həmçinin prezident Kasım-Jomart Tokayevin KTMT sülhməramlı qüvvələrinin öz missiyasını yerinə yetirməsi barədə açıqlamasını da alqışlayırıq. Qüvvələr geri çəkildikdə, biz bütün sülhməramlıları beynəlxalq insan hüquqlarına hörmət etməyə və Qazaxıstanın tələb etdiyi kimi, ölkəni dərhal tərk etmək öhdəliyini yerinə yetirməyə çağırırıq”, deyə Prays vurğulayıb.