ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

06 Oktyabr 2021 - 13:07

2020-ci ilin sentyabr ayına olan məlumata görə, ABŞ 3 min 750 nüvə başlığına malikdir.

bu barədə Birləşmiş Ştatların dövlət departamenti məlumat yayıb.

Birləşmiş Ştatlar 2017-ci ilin sentyabr ayında dərc olunan məlumatları yeniləmək üçün nüvə ehtiyatları haqqında bu yaxınlarda məxfilikdən çıxarılan son məlumatları açıqlayıb. Belə ki, ABŞ-ın nüvə silahı ehtiyatları 1967-ci ildən bəri təxminən 88 faiz ixtisar olunaraq 31 min 255 nüvə başlığına, Berlin divarının çökdüyü 1989-cu ildə isə daha 83 faiz ixtisar edilərək 22 min 217 başlığadək azaldılıb.

ABŞ 1994-cü ildən 2020-ci ilə qədər ümumilikdə 11 min 683 nüvə başlığını, o cümlədən 2017-ci ildən bu yana 711 nüvə balığını məhv edib. Eyni zamanda, təxminən 2 min döyüş başlığı istifadədən çıxarılıb. Həmçinin 1991-ci il sentyabrın 30-dan bəri qeyri-strateji taktiki nüvə başlıqlarının sayı 90 faizdən çox ixtisar olunub.

Qeyd edək ki, soyuq müharibə dövründə ABŞ çoxsaylı və çeşidli taktiki nüvə silahına sahib idi. Dövlət Departamentinin iddiasına görə, son 30 ildə Birləşmiş Ştatlar həmin silahların demək olar ki, hamısını silahlanmadan çıxarıb və məhv edib. Bununla yanaşı, qeyri-strateji nüvə silahlarının ABŞ və Rusiya arasında Strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması müqaviləsinə daxil olmadığı bildirilir.