ABŞ öz vətəndaşlarını Azərbaycan və Ermənistana səyahət etməməyə çağırıb

19 May 2021 - 14:20

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Azərbaycan və Ermənistana səyahət etməməyi tövsiyə edib.

Bu barədə xəbərdarlıq ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib.

ABŞ Azərbaycanla bağlı səyahət məsləhətlərini ən yüksək səviyyəyə – 4-cü səviyyəyə (qırmızı) qaldırıb və vətəndaşlarına səyahət etməməyi tövsiyə edib. ABŞ Dövlət Departamenti tərəfindən verilən xəbərdarlıqda səbəb kimi koronavirus və sərhəddəki gərginlik, terror təhlükəsi göstərilib.

Qeyd olunur ki, Azərbaycan uzun müddətdir, terror riski ilə üzləşir.

Xəbərdarlıqda ABŞ vətəndaşlarına bu səbəbdən Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinmək tövsiyə olunur. Son əməliyyatlara görə Qarabağ regionuna və ətraf ərazilərə də səyahət etməməyə çağırış edilir.

Bildirilir ki, giriş məhdudlaşdırıldığı üçün ABŞ hökuməti Qarabağ və ətraf ərazilərdə ABŞ vətəndaşlarına təcili yardım göstərə bilmir.

“Azərbaycanın Ermənistanla sərhədinə yaxın yollarda ehtiyatlı olun. Yolun bəzi hissələrinin beynəlxalq sərhədləri xəbərdarlıqsız keçə biləcəyinə diqqət edin. Yollar yoxlama məntəqələrinin nəzarətində ola və ya xəbərdarlıq edilmədən səyahət edənlər üçün bağlana bilər”, – deyə xəbərdarlıq bildirilir.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ermənistana səyahətlə bağlı da oxşar xəbərdarlıq edib.