ABŞ Rusiyaya Qərbin məhdudlaşdırıcı tədbirlərindən yayınmağa kömək etdiyinə görə Qazaxıstan banklarına və şirkətlərinə sanksiya tətbiq edə bilər.
Azpost.info xəbər verir ki, bunu danışıqlar üçün Astanaya gələn ABŞ maliyyə naziri müavininin köməkçisi Elizabet Rozenberq deyib.
“Risk həm Qazaxıstana, həm də şirkətlərə və banklara münasibətdə artır”, – Rozenberq qeyd edib. Onun sözlərinə görə, söhbət sanksiyalar rejiminin pozulmasına görə cəzalardan gedir.
2022-ci ilin sonunda Qazaxıstan Rusiyaya mal tədarükünü 25 faiz artırıb və həcmi Rusiya hökuməti tərəfindən on milyardlarla dollar dəyərində qiymətləndirilən paralel idxal üçün əsas “qovşaqlardan” birinə çevrilib.
Məsələn, Rusiyaya paltaryuyan maşınların ixracı ildə 100 min ədəd təşkil edib, baxmayaraq ki, 2021-ci ildə bu, tamamilə yox idi. Qazaxıstandan müasir yarımkeçiricilərin tədarükü 300 dəfədən çox artıb.
Rozenberq deyir ki, bu cür ticarət risklər daşıyır və ABŞ bu barədə Qazaxıstan rəsmilərini açıq şəkildə xəbərdar etmək fikrindədir: “Rusiyaya sanksiyalardan və ixraca nəzarət tədbirlərindən yayınmasında yardımı ilə əlaqədar yarana biləcək nəticələrin aydın şəkildə təsvir edilməsi üçün qazaxıstanlı həmkarlarımız, hökumət, özəl sektor nümayəndələri ilə əməkdaşlıq edirik”.
Astanaya gəlməzdən əvvəl Rozenberq və ABŞ maliyyə nazirinin müavini Brayan Nelson Avropa ölkələrinə səfər ediblər və orada Rusiyanın sanksiyalar rejimindən necə yan keçməsi ilə bağlı kəşfiyyat məlumatları paylaşıblar. Avstriya, İtaliya, Almaniya və Fransanın bankları sanksiyaların pozulmasının qarşısını almaq üçün “təlimat” alıblar.
“Politico”nun məlumatına görə, Aİ Astana ilə əlaqələri gücləndirmək planı hazırlayır və digər məsələlərlə yanaşı, hava nəqliyyatını genişləndirməyi və yüksək vəzifəli şəxslər səviyyəsində daha sıx əlaqələri nəzərdən keçirir. Bütün bunlar həm də Kremli keçmiş SSRİ-dəki sonuncu, nisbətən sadiq tərəfdaşlarından məhrum etmək məqsədi daşıyır.
Qazaxıstandan sonra ABŞ rəsmiləri eyni məqsədlə Özbəkistana səfər edəcəklər. ABŞ Maliyyə Nazirliyi bildirib ki, əsas vəzifə sanksiyaların həyata keçirilməsinə yanaşmanın sərtləşdirilməsi, həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədir.
Azpost.info