ABŞ Rusiya İmperiyasından qalan borcunu tələb edir –Moskva Leninin imtina etdiyi 225 milyardı qaytaracaq?

Amerikanın Noble Capital RSD investisiya Fondu ABŞ federal məhkəməsində Rusiya Federasiyası, Maliyyə Nazirliyi, Mərkəzi Bank və Milli Rifah Fonduna qarşı 225 milyard dollarlıq iddia qaldırıb. İddiaçı Rusiya İmperiyası istiqrazları üzrə olan borcu ABŞ-da bloklanmış Rusiyanın suveren aktivləri hesabına ödənilməsini tələb edir.

AzPost bildirir ki, bu barədə Kolumbiya Dairəsi Məhkəməsində iddia qaldırılıb.

Cavabdehləri Marks & Sokolov hüquq firması təmsil edəcək. Rusiya Maliyyə Nazirliyinin nümayəndəsi RBC-yə bildirib ki, ABŞ -ın iddiası Baş Prokurorluğun səlahiyyətindədir. Nəşr Baş Prokurorluğa, Mərkəzi Banka, eləcə də Marks & Sokolov və Noble Capital şirkətlərinə sorğular göndərib.

İddiaçı öz ərizəsində bildirib ki, 1916-cı ildə Rusiya İmperiyası tərəfindən buraxılmış, ilkin nominal dəyəri 25 milyon dollar, illik 5,5% faiz dərəcəsi və beş illik ödəmə müddəti olan istiqrazların qanuni sahibi (hüquqi varisi) özüdür. İstiqrazlar Nyu-York Milli Şəhər Bankı (indiki Citibank) vasitəsilə yerləşdirilib və özəl investorlara təklif edilib. Onlar ABŞ dolları ilə ödənişi qızıl bəndi ilə (ödəniş valyutasını 1970-ci illərin əvvəllərinə qədər qüvvədə olan qızıl standartına bağlayan) şərtləndiriblər.

Fond iddia ərizəsində istiqrazların geri alınmadığını və onlar üzrə öhdəliklərin Rusiyaya keçdiyini israr edir. İddiaçı iddianın məbləğini ən azı 225,8 milyard dollar olaraq qiymətləndirir. Lakin son kompensasiya məbləğinin məhkəmə prosesi zamanı müəyyən edilməsi təklif olunur.

Rusiya isə ABŞ-da çar dövrü istiqrazları üzrə 225 milyard dollarlıq borcun ödənilməsi tələbi ilə yanvar ayının sonuna qədər məhkəmə iddiasının geri götürülməsini tələb edib. Bu barədə Noble Capital tərəfindən qaldırılan məhkəmə iddiasında cavabdehləri təmsil edən vəkil Sergey Sokolov bildirib.

O, çar borcunun Sovet hakimiyyəti tərəfindən ləğv edildiyini və nə SSRİ, nə də Rusiyanın bu qiymətli kağızlar üzrə məsuliyyəti qəbul etmədiyini vurğulayıb.

Rusiya 1916-cı il çar istiqrazları üzrə məsuliyyəti rədd edir. “Bu borc 1918-ci ildə Sovet hökuməti tərəfindən ləğv edilib. Nə SSRİ, nə də Rusiya Federasiyası heç vaxt beynəlxalq hüquqa uyğun olaraq onlar üçün məsuliyyətlərini qəbul etməyib”, – Sokolov bildirib. O əlavə etdi ki, bu borc öhdəlikləri çoxdan tarixin zibil qutusuna atılıb.

Sokolov bildirib ki, Rusiya Noble Capital-dan 30 yanvar tarixinə qədər iddiasını geri götürməsini tələb edir. Əks halda, onun sözlərinə görə, cavabdeh ABŞ Xarici Dövlət Toxunulmazlığı Qanununa əsasən iddianı rədd etmək üçün vəsatət qaldırmağı planlaşdırır.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.