Rusiya prezidenti Vladimir Putin Ukraynaya NATO müqaviləsinin 5-ci maddəsi nümunəsində təhlükəsizlik zəmanətlərinin verilməsinə razılıq verib.
Azpost.info bildirir ki, bu barədə The Washington Post qəzeti yazıb.
Qəzetin köşə yazarı Devid İqnatiusun danışıqlara yaxın mənbəyə istinadən yaydığı məlumata görə, Rusiya prezidenti özəl müzakirələr zamanı ABŞ və Avropa ölkələrinin Ukraynaya belə təhlükəsizlik zəmanətləri verməsinə razılaşıb.
Bunun müqabilində Rusiyaya qarşı sanksiyalar yumşaldılacaq. Lakin Moskva mümkün hücum üçün qoşunlarını cəmləşdirməyə başlasa, məhdudiyyətlər yenidən qüvvəyə minəcək.
*The Washington Post*un köşə yazarı bildirir ki, Putin bununla bağlı bir şərt də irəli sürüb: NATO qoşunları Ukrayna ərazisində yerləşdirilməməlidir.
Bunun əvəzində Vaşinqton atəşkəs əldə edildikdən sonra Moskvanın öz qüvvələrini qonşu ölkənin sərhədlərindən uzaqlaşdırmasını təklif edib. Rusiya qoşunları yenidən hücuma keçərsə, alyansın qüvvələri dərhal Ukrayna ərazisinə daxil olacaq.
Rusiya hakimiyyəti hələlik *The Washington Post*un bu nəşrinə münasibət bildirməyib.
Bununla yanaşı, noyabrın 19-da ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Vaşinqtonun Moskvanı NATO müqaviləsinin 5-ci maddəsi modelində Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsinə razı saldığını açıqlayıb.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Kiyev və Vaşinqtonun həmin maddənin məzmununu eyni cür şərh etdiyinə şübhə ilə yanaşdığını bildirmişdi. Onun sözlərinə görə, bu maddə tərəfdaş ölkələrin müəyyən qüvvələrinin Ukrayna ərazisində yerləşdirilməsini nəzərdə tutur.