ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Cavad Qasımov və digər gömrük rəsmiləri Astara sərhəd keçid məntəqəsinə səfər edərək ABŞ-ın Müdafiə Departamenti tərəfindən DGK-ya verilən avadanlığı nəzərdən keçiriblər.
Səfirlikdən bildirilib ki, sözügedən avadanlıq ABŞ-ın Müdafiə Departamenti tərəfindən 2019-cu ildə təqdim olunan təhlükəsizlik yardımının bir hissəsidir. Müdafiə Departamenti qanunsuz daşınmaların qarşısını almaq, quru və dəniz sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə Azərbaycana 90 milyon dollardan çox vəsait ayırıb. Səfirin Astara sərhəd keçid məntəqəsində nəzərdən keçirdiyi və dəyəri 30 milyon dollardan çox olan avadanlıq Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin təminatına və qanunsuz malların daşınmasının qarşısının alınmasına təkan verəcək.
Örl Litzenberqer səfər zamanı ABŞ-la Azərbaycanın Dövlət Gömrük Komitəsinin 20 illik münasibətlərini qeyd edərək, kütləvi qırğın silahlarının yayılması və qanunsuz daşınmasının qarşısını almaq üçün etdikləri fəaliyyətlər barədə danışıb.
“Ümid edirəm ki, bu yardım bizim 30 il öncə qurduğumuz münasibətlərimizin inkişafında əlavə bir addım olacaq, Azərbaycan və Amerika Birləşmiş Ştatların təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verəcək.
Biz Azərbaycan hökuməti ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində 30 il ərzində birgə çalışmışıq. Təqdim etdiyimiz rentgen skanerləri və radarlar kimi avadanlıqların istifadəsi nəticəsində Azərbaycan özünün enerji infrastrukturunu uğurla qoruyub, kütləvi qırğın silahlarının və narkotiklərin daşınmasının qarşısını almaq bacarığını inkişaf etdirib”, – deyə səfir diqqətə çatdırıb.
DGK sədrinin müavini Cavad Qasımov Azərbaycanda narkotik vasitələrin əksəriyyətinin ələ keçirildiyi Astara sərhəd-keçid məntəqəsində çıxış edərək ABŞ-ın verdiyi avadanlıqların, narkotik vasitələrin, silah-sursatın və digər qaçaqmalçılığın qarşısının alınmasında oynadığı rolu qeyd edib. C.Qasımov Örl Litzenberqerə Amerikanın göstərdiyi köməyə görə minnətdarlığını bildirib.
ABŞ-nin Müdafiə Departamenti malların qanunsuz daşınması, insan alveri, narkotiklərin daşınması və silahların yayılması sahələrində işlədiyi tərəfdaşların bacarıqlarının inkişafına dəstək verir. ABŞ-ın Qanunsuz Daşınmalara Qarşı Birgə Mərkəzi və Narkotiklərə Qarşı Mübarizəyə dair Administrasiyası ABŞ-ın ölkəmizdəki səfirliyi ilə birgə çalışaraq Azərbaycanın müvafiq sahələrdə apardığı əməliyyatlara dəstək göstərərək öz sərhədlərini və əhalisini transmilli təhlükələrdən, mütəşəkkil cinayət və zorakılıqdan qorumağa yardım edir.
ABŞ-ın Müdafiə Departamenti 2002-ci ildən Azərbaycanın Dövlət Gömrük Komitəsi və digər sərhəd təhlükəsizliyi sahəsində işləyən qurumları ilə fəal şəkildə tərəfdaşlıq edir. 2019-cu ildə təqdim olunan yardımın bir hissəsi olan avadanlıq Azərbaycanın cənub sərhədlərinin mühafizəsinin gücləndirilməsinə, habelə DGK-ya Azərbaycan ərazisi vasitəsilə daşınılan qanunsuz narkotiklərin və digər malların qarşısının alınmasına yardım edəcək.