ABŞ-da hər iki siyasi partiyanı təmsil edən 13 senatordan ibarət qrup Belarusda dinc etirazçılara divantutma üçün məsuliyyət daşıyan rəsmilərə sanksiya qətnaməsi hazırlayıb.
Respublikaçı senator, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş sentyabrın 14-də mətbuat üçün açıqlamada deyib ki, Belarus müxalifətinə qarşı zorakılıq və repressiya “vicdansızlıqdır”.
Birləşmiş Ştatların dəstəyinin güclü simvolu
Qətnamədə Aleksandr Lukaşenkonun altıncı müddətə prezident elan olunduğu 9 avqust seçkisinin “azad və ədalətli keçirilmədiyi” bildirilir, Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələr etibarsız elan edilir.
Sənəddə siyasi məhbusların və dinc etiraz etdiyinə görə saxlananların buraxılması tələb olunur. Sanksiyaların Avropa Birliyi və digər beynəlxalq tərəfdaşlarda koordinasiya edilərək gerçəkləşəcəyi bildirilir. Riş sanksiyaları Birləşmiş Ştatların Belarus xalqına, onların sərbəst toplaşma, ifadə, azad seçki hüququna və hüququn aliliyinə dəstəyinin güclü simvolu olduğunu deyib.
Demokrat senator Bob Menendez deyib ki, “Belarus xalqının cəsarətinə pərəstiş edir”. O, beynəlxalq ictimaiyyəti onların azad və demokratik gələcək istəyini tam dəstəkləməyə çağırıb.
Qətnamədə 7 mindən çox Belarus vətəndaşının hökumət qüvvələri tərəfindən saxlandığı, çoxunun dinc etirazlara qatıldığı, yaxud onu müşahidə etdiyi üçün tutulduğu vurğulanır.