ABŞ prezidenti Donald Tramp Amerika hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması məsələsini müzakirə etmək üçün Talibanla gizli danışıqları ləğv etmək qərarını müdafiə edib.
“Danışıqlar öldü” deyən Tramp eyni zamanda, sülhə ümidlərin olduğunu da bildirib. Birləşmiş Ştatlar və Taliban Əfqanıstanda 18 ildir davam edən müharibəyə son qoymaq üçün sülh razılaşmasının əldə edilməsi məqsədilə bir ilə yaxındır müzakirələr aparırdı.
Prezident Tramp onun danışıqlar masasısını tərk etməsinə keçən həftə ABŞ-ın Kabildəki səfirliyi yaxınlığında avtomobilə yerləşdirilmiş bomba hücumunun səbəb olduğunu deyib.
“Mən eşidəndə ki, onlar bizim əsgərlərimizi və günahsız 12 adamı öldürüblər, dedim ki, bu əsaslarda mən görüşə bilmərəm, mən görüşməyəcəm. Onlar səhvə yol verdilər.”
Twitter səhifəsində yazdığı tvitlərdə Tramp bazar günü Kemp Devid prezident iqamətgahında Talibanla gizli görüş keçirmək planları olduğunu bildirmişdi.
Təhliçilər Talibanın son aylar hücumları artırdığına görə, bundan başqa səbəblərin olduğunu da istisna etmir.
Vudro Vilson Mərkəzinin təhlilçisi Maykl Kugelman.
“Aydındır ki, prezident Tramp Kabil və Vaşinqtonda razılaşma ilə bağlı artan narahatlıqlara reaksiya verib. Tramp başa düşdü ki, geri çəkilməlidir.”
Birləşmiş Ştatlar Talibanın terrorçu qruplarla əlaqəsini kəsməsi qarşılığında minlərlə Amerika əsgərinin çıxarılmasına dair razılaşmanı müzakirə edirdi.
Taliban Trampın səbrsizliyinin danışıqları pozduğunu bidirib və döyüşləri davam etdirməyə söz verib. Lakin bununla belə sülhə hələ də ümidlər var.
ABŞ-ın Sülh İnstitutunun təhlilçisi Conni Valş.
“Müharibə gedir və heç kəs sülh prosesinin uğurlu olacağını bilmir. Lakin mən tamamilə əminəm ki, razılaşmasının əldə edilməsi mümkündür. Fikrimcə, bütün tərəflər bunun baş verməsini istəyir.”
ABŞ-Taliban danışıqlarında iştirak etməyən Əfqanıstan prezidenti Əşrəf Qani müzakirələrin baş tutmamasından sonra sülh prosesinə nəzarəti ələ almağa çalışır.
Tramp kampaniya zamanı müharibələri sona çatdırmaq vədi verib və belə görünür, 2020-ci lidə yenidən preziden seçilmək üçün kampaniyasından öncə hərbi qüvvələrin çıxarılmasına çalışır. Onun hazırkı addımı müzakirələr masası arxasında Talibanın mövqeyini zəiflətmək məqsədi daşıya bilər.
Vudro Vilson Mərkəzinin təhlilçisi Maykl Kugelman bildirib: “Birləşmiş Ştatlar qüvvələri çıxarmağa tələsir, razılıq əldə etmək istəyir, hətta buna can atır. Talibanın da bunları deməyə imkanı var ki, `əgər bizə təklif edilənlərdən razı deyiliksə, bizdən istənilən güzəştləri etmək istəmiriksə, biz sadəcə çıxıb gedə bilərik, çünki döyüş meydanında işlərimiz yaxşıdır`. Buradakı dinamikanın əsasında bu durur və bu da hətta danışıqlar bərpa olsa belə dəyişməyəcək.”
Taliban hazırda 2001-ci ildən sonra Əfqanıstanda ən geniş əraziyə nəzarət edir. Birləşmiş Ştatlar 2001-ci ildə 11 sentyabr hücumlarının təşkilatçısı olan Bin Ladenə sığınacaq verildiyi üçün həmin il Əfqanıstanda hərbi müdaxiləyə başlayıb. (Amerikanın Səsi)