ABŞ və İsrail İranla bağlı məxfi “B planı”nı müzakirə edib

23 Sentyabr 2021 - 09:47

ABŞ və İsrail keçən həftə gizli şəkildə görüş keçiriblər.

Görüşdə məqsəd Vyanada İranın nüvə razılaşması ilə bağlı danışıqlar bərpa olunmayacağı təqdirdə ehtiyat planını müzakirə etmək olub. Bu barədə “Axios” portalı İsraildəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika-İsrail arasında gizli strateji işçi qrupu yeni İsrail hökumətinin hakimiyyətə gəlişindən sonra ilk dəfə görüşüb. Görüş videokonfrans formatında keçirilib. Ggörüşdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan və israilli həmkarı Eyal Xulata iştirak edib.

Mənbələrin bildirdiyinə görə, tərəflər İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların dalana dirənməsindən narahat olduqlarını diqqətə çatdırıblar. Bundan başqa, onlar İranın nüvə aktivliyinin artdığını qeyd ediblər. İsrail bu məqamda detalları açıqlanmayan “B planı”na keçməyin vacibliyini vurğulayıb. Eyni zamanda, ABŞ yaxın vaxtlarda danışıqlar bərpa olunmazsa, İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Ağ Ev rəsmisi “Axios”a bildirib ki, ABŞ İran problemi ilə bağlı bir sıra məsələlərdə İsrail hökuməti ilə məsləhətləşmələr aparır.