ABŞ və Fransa Ukraynanın Rusiyaya zərbələrinə kəşfiyyat dəstəyi verib –Financial Times

Ukraynanın Rusiyadakı onlarla iri neft emalı zavodunu (NEZ), daha sonra isə Wildberries marketpleysinin anbarlarını hədəf alan uzaqmənzilli zərbələr silsiləsi ABŞ və Fransanın kəşfiyyat dəstəyi sayəsində mümkün olub.

Financial Times vəziyyətlə tanış olan rəsmilərə istinadən xəbər verir ki, ABŞ və Fransa kəşfiyyat xidmətləri Ukrayna Silahlı Qüvvələrinə hədəflərin seçilməsi, hava hücumundan müdafiə sistemlərinin yerləşməsinin qiymətləndirilməsi və pilotsuz uçuş aparatlarının Rusiya ərazisinin dərinliklərindəki hədəflərə çatmasına imkan verən marşrutların müəyyənləşdirilməsində kömək ediblər.

Ukraynalı rəsmilərin sözlərinə görə, ABŞ və Fransanın təqdim etdiyi kəşfiyyat məlumatları Ukrayna ordusunun hədəf seçimi prosesini təkmilləşdirərək bölmələrə “hara zərbə endirilməli olduğunu” daha yaxşı anlamağa imkan verib.

“Biz Rusiyanı vahid sistem kimi nəzərdən keçiririk. Bu sistemi anlamaq təsirin daha böyük olacağı kritik hissələri müəyyən etməyə imkan verir”, – deyə Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk Financial Times qəzetinə bildirib.

Onun sözlərinə görə, ABŞ və Fransa kəşfiyyatı prioritet hədəflərin müəyyənləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Əgər hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti və ya texniki problemlər səbəbindən əsas hədəfi vurmaq mümkün olmursa, operatorlar ehtiyat hədəflərə keçirlər.

İyul ayında ilk dəfə olaraq zərbələr təkcə Rusiyanın enerji infrastrukturuna deyil, həm də Wildberries marketpleysinin anbarlarına endirilməyə başlanıb. Ukrayna Silahlı Qüvvələri bir həftə yarım ərzində ümumi sahəsi təxminən 860 min kvadratmetr olan səkkiz anbara zərbə endirib. “Verstka” nəşrinin hesablamalarına görə, bu, marketpleysin bütün anbar sahələrinin təxminən 15,4 faizini təşkil edir.

Şirkət üçün ən böyük zərər Moskva vilayətinin Elektrostal şəhərində yerləşən Wildberries anbarına dəyib. İyulun 18-də baş verən hücum nəticəsində burada təxminən 250 min kvadratmetr sahə yanaraq məhv olub.

Financial Times-ın məlumatına görə, Ukrayna neft infrastrukturuna uzaqmənzilli zərbələrin taktikasını da dəyişib. Belə ki, əvvəllər zavodlar və yanacaq çənlərinə kütləvi hücumlar təşkil olunduğu halda, indi əsas diqqət kritik əhəmiyyət daşıyan qovşaqların sıradan çıxarılmasına yönəldilir.

The New York Times daha əvvəl yazmışdı ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) ekspertləri dəyişdirilməsi və ya bərpası xüsusilə çətin olan avadanlıq elementlərini müəyyən ediblər. Bildirilir ki, CIA ukraynalılara Qara dəniz, Aralıq dənizi və digər hövzələrdə dəniz dronları və kamikadze pilotsuz uçuş aparatları vasitəsilə tankerlərə qarşı həyata keçirilən əməliyyatlarda da dəstək göstərir.

Hücumlardan əvvəl pilotsuz uçuş aparatlarının operatorları mühəndislər və sahə üzrə mütəxəssislərlə məsləhətləşirlər. Onlar müəssisələrin fəaliyyəti üçün həyati əhəmiyyət daşıyan və əvəzlənməsi ən çətin olan avadanlıq elementlərini müəyyənləşdirirlər.

Yeni taktikanın əsas elementlərindən biri təmir işləri başa çatana qədər eyni kritik komponentlərə təkrar zərbələrin endirilməsidir.

Bundan əlavə, Ukrayna planlaşdırıcıları Rusiyanın enerji infrastrukturunun ətraflı xəritəsini hazırlayıblar ki, bu da sıradan çıxarılması bütün sistemdə genişmiqyaslı problemlərə səbəb ola biləcək obyektləri müəyyən etməyə imkan verir.

Pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində iyulun 28-də Tümen Neft Emalı Zavodu, iyulun 14-də “Qazpromneftexim Salavat”, iyulun 12-də “Rosneft”ə məxsus Sızran Neft Emalı Zavodu, iyulun 8-də Saratov Neft Emalı Zavodu, iyulun 6-da Omsk Neft Emalı Zavodu və iyulun 2-də “Lukoyl”a məxsus “Nijeqorodnefteorqsintez” müəssisəsi neft emalını dayandırıb.

Energy Intelligence şirkətinin qiymətləndirməsinə görə, iyul ayında Rusiyada neft emalının həcmi sutkada 3,58 milyon barel səviyyəsinə qədər azalıb. Bu göstərici ən azı 2002-ci ildən bəri ən aşağı səviyyə ola bilər.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.