Abşeronun sabiq baş memarının həbs müddəti uzadılıb

19 Oktyabr 2020 - 17:58

Binəqədi rayon Məhkəməsində Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədovun barələrin olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimatlar təmin edilib.

Hər iki şəxs barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb.

Qeyd edək ki, Abşeron rayon icra hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib, Abşeron rayon icra hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub, Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.