ADY-də intellektuallar idarəçiliyə necə cəlb edilir?

08 Avqust 2021 - 23:19

“Azərbaycan Dəmir Yolları” QSC-də “Yüksəliş” müsabiqəsinin qaliblərindən olan Orxan Yusibov ADY-nin Baş maliyyə inzibatçısı (CFO) təyin edilib.

O, vəzifəsinin icrasına 2021-ci ilin iyulundan başlayıb.

30 yaşlı Orxan Yusibov Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, İngiltərədə Eseks Universitetində (The University of Essex) Maliyyə və iqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb.

O, 2019-cu ilin fevralından bu günə qədər ADY-nin Maliyyə və iqtisadi departamentinin strukturunda olan şöbənin rəisi kimi çalışırdı.

Orxan Yusibov istedadlı kadrların seçilməsi üzrə keçirilən “YÜKSƏLİŞ” müsabiqəsində qalib olmuş 27 nəfərdən biridir.

ADY-nin bu mötəbər müsabiqədə digər əməkdaşları da fərqlənib. İnvestisiya İdarəsinin rəis müavini Toğrul Quliyev və insan resursları üzrə mütəxəssis Vüsal Əmirli finala çıxan 112 namizəd arasında yer alıb.

Hüquq idarəsinin rəis müavini Türkan Yusibova və infrasturktur departamentinin əməkdaşı Sevinc Əliverdiyeva isə müsabiqənin yarımfinalçıları sırasında olub.

30 yaşlı istedadlı gəncin belə mötəbər posta irəli çəkilməsi  ADY-da intellektual kadrlarla göstərilən diqqətin təzahürü hesab etmək olar.

Son illərdə ciddi dəyişikliklərə qol qoymuş ADY-nin rəhbərliyi insan resurslarının idarəedilməsi sahəsində öz töhfələrini verir. ADY bunun üçün beynəlxalq təcrübədən, nufuzulu xarici ekspertlərin xidmətindən də yararlanır. Ötən ay bununla bağlı Dünya Bankının və “Azərbaycan Dəmir Yolları” QSC-nin birgə təşkilatçılığı ilə “Strateji İdarəetmə” mövzusunda keçirilən seminarın mövzusu idarəetmə sisteminə innovativ prinsiplərin tətbiqi ilə bağlı olub.

Seminarın əsas məruzəçisi beynəlxalq məsləhətçi, bir sıra ölkələrdə dəmir yolu şirkətlərinin idarəetməsi və islahatları sahəsində  15 illik təcrübəsi olan Adamas İlkiviçius olub. Bu seminarların məqsədi ADY-nin ümumi strateji və korporativ inkişafına töhfə verməkdir.

Seminarın proqramı çərçivəsində strateji və korporativ idarəetmə, islahatların və  layihələrin, risklərin, eləcə də əsas fəaliyyət göstəricilərinin idarəedilməsi,  strategiyanın tətbiqi və korporativ idarəetmə üzrə dünya təcrübəsi mövzuları ətrafında müzakirələr aparılıb.

ADY-də aparılan işlərin əsas hədəfi dəmir yolunda aparılan islahatları genişləndirmək, çevik idarəetmə və istedadlı kadrların potensialından səmərəli istifadə etməkdir. Belə hədəf prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas prioritetlərini təşkil edir. Azərbaycan bir neçə ildir regional siyasətə birbaşa təsir gücünə malik nəqliyyat qovşaqlarında  söz sahibinə çevrilib.  44 günlük qalibiyyətli Vətən Müharibəsindən sonra bu mövqe gündən-günə böyüməkdədir.

Nəqliyyat dəhlizləri həm də siyasi maraqları və burada öz milli maraqlarını ifadə edən böyük platformadır.

ADY-nin rəhbərlik etdiyi böyük miqyaslı nəqliyyat layihələri  ölkənin milli maraqlarını ifadə edərək xarici siyasətinin mühüm vektoru kimi çıxış edir.

Beynəlxalq ticarətdə prioritetə çevrilən dəmir yolu daşımaları dövlətin strateji maraqlarının təminatçısı hesab olunur. Bu ilin yeddi ayı ərzində Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz çox konteyner daşınıb. Bu dövr ərzində 13 610 TEU konteyner daşınıb. Ötən ay 2020-ci ilin iyul ayı ilə müqayisədə BTQ ilə daşınan konteynerlərin sayında 109 faiz artım qeydə alınıb. Bu ilin yeddi ayı ərzində daşınan 13 610 TEU  konteynerdən 92 faizini tranzit yükdaşımaları təşkil edir.

Prezident İlham Əliyev ADY qarşısında əsas  məsələ kimi daxili yolların dünya standartlarına çatdırılmasını qoymuşdu.  Son 6 ildə Cavid Qurbanovun idarəçilikdə apardığı dəyişikliklər nəticəsində “ADY” QSC dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində böyük irəliləyişlərə nail olub. 7-8 il əvvəl acınacaqlı vəziyyətdə olan vaqon parkı təzələnib. “Stadler”, “Alstom” şirkətlərindən alınan yeni lokomotivlər həm sərnişindaşımada, və yük daşınmasında istifadə edilir.

Prezident İlham Əliyevin Azərbaycanın nəqliyyat qovşağına çevrilməsini hədəfləyən siyasətdə insan resursları strategiyası prioritetdir. ADY-də menecerlik bacarıqları, intellektual səviyyəsi və çevik idarəçilik qabiliyyəti kadrların yer aldığı komandanın formalaşdırılması diqqət verilən məsələdir. Bu baxımdan ADY-də həyata keçirilən dəyişikliklər bütövlükdə ölkədə aparılan intellektual kadrların idarəçiliyə cəlbetməni stimullaşdıran siyasəti tamamlayan bir addımıdır.

“Analitik” Təhlil Mərkəzi