Azərbaycan Premyer Liqasının XXIV turunun “Sabah” – “Neftçi” matçında baş verənlərin səbəbkarları cəzalandırılıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarları AFFA-nın İntizam Komitəsi çıxarıb.
Qurum 2:2 hesabı ilə başa çatan görüşdə və matçdan sonra yaşananlara hüquqi qiymət verib. “Sabah” 3 futbolçusu qırmızı vərəqə aldığı üçün 4800 manat cərimələnib.
Bəhlul Mustafazadə qeyri-idman hərəkətinə, Filip İvanoviç isə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan qovulduğu üçün 1 oyunluq cəzaya məruz qalıb. Onlar qəsəbə təmsilçisini 400 manat ziyana salıb.
İntizam Komitəsi ən ağır cəzanı “Sabah”ın digər müdafiəçisi Təmkin Xəlilzadəyə kəsib. Qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimi təhqir edən millimizin üzvü 4 oyunluq diskvalifikasiya olunub, klub 3200 manat məbləğində cərimələnib. Bu da o deməkdir ki, Xəlilzadə üçün mövsüm başa çatıb.
Matçda texniki zonadan qovulan “Sabah”ın məşqçisi Miloş Jevtiç barəsində araşdırılma aparılır.
“Neftçi” isə 7 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat məbləğində cərimə ödəməli olacaq.