Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb.
Yeni qərarla Xəzər sahilində torpaqların idarə olunması, istifadəsi və mühafizəsi sahəsində səlahiyyətlər genişləndirilir, qanunsuz torpaq zəbtinin qarşısının alınması üçün yeni mexanizmlərin hazırlanması nəzərdə tutulur.
Fərmana əsasən, sahilboyu ərazidə torpaqların idarə olunması, istifadəsi və mühafizəsinin təşkili sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.
Bu qurum, həmçinin sahilboyu ərazidə idarəetmə və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanlarının fəaliyyətini əlaqələndirəcək.
Qərara uyğun olaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin işçilərinin say həddi 40 ştat vahidi artırılıb.
Xəzər sahilində hansı dəyişikliklər olacaq?
Fərmanda Nazirlər Kabinetinə altı ay müddətində sahilboyu ərazilərin xüsusi statuslu ərazi kimi müəyyənləşdirilməsi, zonalaşdırılması və hüquqi rejiminin hazırlanması ilə bağlı təkliflər təqdim etmək tapşırılıb.
Bu çərçivədə bir sıra istiqamətlər üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur:
-Sahilboyu ərazilərin hüquqi statusunun və sərhədlərinin müəyyənləşdirilməsi;
-Torpaqların istifadəsi və mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi;
-Torpaqların qanunsuz zəbtinin qarşısının alınması;
-Qanun pozuntularına görə inzibati və cinayət məsuliyyəti tədbirlərinin gücləndirilməsi;
-Ətraf mühitin mühafizəsi, turizm və rekreasiya sahələrində dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi.
Nazirlər Kabineti, həmçinin Xəzərin Azərbaycan bölməsində su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyətini, sahilboyu ərazinin sərhədlərini və ölçülərini müəyyənləşdirməli, ərazinin kağız və rəqəmsal xəritələrini təsdiqləməlidir.
Torpaqların icarəyə verilməsi elektronlaşdırılacaq
Fərmanın diqqətçəkən məqamlarından biri Xəzər sahilində torpaqların istifadəyə və icarəyə verilməsi mexanizmi ilə bağlıdır.
İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, sahilboyu ərazidə torpaqların dövlət idarəetməsini, o cümlədən istifadəyə və icarəyə verilməsini Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “bir pəncərə” prinsipi əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirmək üçün müvafiq tədbirlər görsün.
Bununla yanaşı, sahilboyu ərazilərin aktual xəritələrinin və məlumatlarının saxlanılması üçün Coğrafi İnformasiya Sistemləri (CİS) əsasında yeni informasiya sisteminin yaradılması təklifləri hazırlanmalıdır.
Qanunsuz tikililərə və torpaq zəbtinə nəzarət gücləndirilə bilər
Fərmanda sahilboyu ərazilərdə müşahidə sistemlərinin qurulması, yerində monitorinqlərin aparılması, söküntü, abadlıq və sanitar təmizlik işlərinin həyata keçirilməsi də nəzərdə tutulur. Bu tədbirlərin maliyyələşdirilməsi üçün İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyinə müvafiq təkliflər təqdim etməlidir. Maliyyə Nazirliyi isə zəruri vəsaitin dövlət büdcəsindən ayrılması ilə bağlı tədbirlər görməlidir.
Qeyd edək ki, Fərman Xəzər sahilində bütün torpaqların avtomatik olaraq dövlətə qaytarılması və ya mövcud mülkiyyət hüquqlarının ləğvi demək deyil. Sənədin əsas məqsədi sahilboyu ərazilərin idarə olunmasını vahid sistemə salmaq, torpaqdan istifadə qaydalarına nəzarəti gücləndirmək və qanunsuz zəbt hallarının qarşısını almaqdır.
Fərmanda adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan ərazilər, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan, eləcə də digər xüsusi statuslu ərazilər bu idarəetmə mexanizminin əhatəsindən istisna edilib.
S. Abdulla
