“23 regionda icbari tibbi sığorta yüksək səviyyədə tətbiq olunur və əhali bu xidmətlərdən istifadə edir. Müraciətlər kifayət qədər çoxdur”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
O bildirib ki, ilkin olaraq TƏBİB-ə daxil olan tibb müəssisələrində tibbi xidmətlər həyata keçirilir, hansı xidmətləri həmin müəssisələrdə həyata keçirmək mümkün deyilsə, həmin xidmətlər müqaviləsi olan özəl tibb müəssisələrində həyata keçirilir: “900 mindən çox vətəndaş icbari tibbi sığorta xidmətlərindən istifadə edib. Onların istifadə etdiyi xidmət sayı 4 milyondan çoxdur. Bu müəssisələr arasında ən çox müraciət olunan Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Yevlax rayon Mərkəzi Xəstəxanası, Quba rayon Mərkəzi Xəstəxanası, Zaqatala Mərkəzi Xəstəxanasıdır. Bu xəstəxanalara müraciətlər kifayət qədər çoxdur. Dəyəri yüksək, həyati vacib əməliyyatlar da bu müddət ərzində həyata keçirilir ki, onlar əsasən kardioloji, oftolmoloji və travmatoloji xidmətlərdir. Bu xidmətlər üzrə əməliyyat sayı 1000-dən çoxdur”.
V.Qurbanov qeyd edib ki, əhali bu xidmətləri heç bir ödəniş etmədən özəl tibb müəssisələrində tam şəkildə əldə ediblər. Onun sözlərinə görə, hazırda pandemiya ilə əlaqədar xəstəxanalara müraciət bir az azalıb.