Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olunacaq.
Bu gün Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin sədrliyi ilə Xarici Əlaqələr Şurası Brüsseldə toplanacaq.
İclasın əvvəlində Aİ xarici işlər nazirləri onlayn formatda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə qeyri-rəsmi fikir mübadiləsi aparacaqlar.
Daha sonra Şura onlayn formatda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə qeyri-rəsmi fikir mübadiləsi aparacaq və Rusiyanın Ukraynaya təcavüzünü müzakirə edəcək.
Bildirilib ki, iclasda Belarus və Yaxın Şərqdəki vəziyyətlə bağlı da müzakirələr olacaq.
“Cari məsələlər çərçivəsində Ali Nümayəndənin Azərbaycan və Ermənistan, bu iki ölkə arasında normallaşma prosesi və Aİ-nin Ermənistanın dayanıqlılığına ümumi dəstəyi məsələlərinə toxunacağı gözlənilir”, – Aİ Şurasının mətbuat xidməti bildirib(apa).