Ali Məhkəmənin 7 hakiminin səlahiyyətinə xitam verilib –

5-i aşağı işə keçirilib (MÜŞAVİRƏ)
19 May 2020 - 21:38

Məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.

Bu barədə Məhkəmə-Hüquq Şurasından bildirilib.

Tədbirdə Ali Məhkəmənin sədr müavini, Ali və Apellyasiya məhkəmələrinin kollegiya sədrləri, bütün apellyasiya, regional və digər birinci instansiya məhkəmələrinin sədrləri iştirak ediblər.

Müşavirədə dövlətimizin başçısının müasir çağırışlara uyğun həyata keçirdiyi islahatların məhkəmə-hüquq sistemini də əhatə etdiyi qeyd olunaraq, ölkə Prezidentinin bu sahədə “yol xəritəsi” olan 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyəti və onun icrası üzrə ardıcıl tədbirlər vurğulanıb.

Qeyd olunub ki, Fərmanla əlavə ayrılmış 200 hakim ştatının komplektləşdirilməsi məqsədilə Şura tərəfindən hakimlərin seçim qaydası təkmilləşdirilərək bu proses davamlı xarakter alıb. Hazırda imtahanlardan uğur qazanmış 108 namizəd müsabiqənin müxtəlif mərhələlərindədir.

İclasda bu ərəfədə Ali və Apellyasiya məhkəmələrinə yüksək ixtisasa və nüfuza malik yeni nəsil gənc hakimlərin təyin olunduğu vurğulanıb, Ali Məhkəmənin yeni sədr müavini və kollegiya sədrləri təqdim edilib.

Məhkəmələrdə nizam-intizamın gücləndirilməsi ilə bağlı yoxlama və monitorinqlər intensivləşdirilib, son bir ildə 50-dən çox məhkəmədə monitorinqlər aparılıb, aşkar edilən pozuntular 150-dən artıq hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb.

Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, 2 nəfərin səlahiyyətlərinə xitam verildiyi, 7 nəfərin tutduğu vəzifədən azad olunduğu, son aylarda isə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirildiyi, 7-sinin isə səlahiyyətlərinin uzadılmayaraq xitam verildiyi bildirilib.

İclasda dövlətimizin başçısının ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı verdiyi tövsiyələr diqqətə çatdırılıb.

Ali Məhkəmənin sədri R.Rzayev ölkə başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə tapşırıqlarının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində əhəmiyyətini, bu sahədə əlavə mexanizmlərin müəyyən olunduğunu, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının rolunu, yol verilən pozuntulardan ciddi nəticələr çıxarılmasının zəruriliyini qeyd edib.