“Ali təhsil haqqında” yeni qanun layihəsi söz yığınıdır” –

EKSPERT RƏYLƏRİ
11 Noyabr 2021 - 17:09

“Azərbaycanda təhsillə bağlı bütün standartlar mövcuddur. Lakin hamısı sözdədir, əməl edən yoxdur”.

Bunu Meydan TV-yə Müəllimlərin Hüquqlarını Müdafiə Təşkilatının sədr müavini Nabatəli Qulamoğlu deyib.

Ekspert bildirib ki, “Ali təhsil haqqında” Qanun layihəsinin qəbul edilməsi müsbət nəticə verməyəcək.

Azərbaycanda “Ali təhsil haqqında” yeni qanun layihəsi hazırlanıb.

İlk dəfədir hazırlanan layihə Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda irəli sürülən hədəflər nəzərə alınmaqla ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə hədəflənib.

Nabatəli Qulamoğlu deyir ki, Azərbaycanda mövcud olan siyasi mühitdə hansısa inkişafdan söhbət gedə bilməz:

“Yeni qanun Azərbaycan ali təhsilinin inkişafına heç nə verməyəcək. Xatırlayıram, gənc ikən məktəbdə hər rübdə pedaqoji şuranın protokolunu yazardım. Protokolda hər dəfə “Birinci rübdə buraxılan nöqsanları ikinci rübdə aradan qaldırmaq”- cümləsi yazılırdı. “Ali təhsil haqqında” yeni qanunun hazırlanması da buna bənzəyir. Milli Məclisin Elm və təhsil komitəsinin nümayəndələri orada oturublar. Düşünürlər, birdən soruşarlar ki, nə iş görürsünüz? Gəl, bir şey fikirləşək. Əsində, bu qanun da digərləri kimi söz yığınıdır”.

Təhsil eksperti Kamran Əsədov isə əksini düşünür.

O hesab edir ki, yeni qanun layihəsi ali təhsilin keyfiyyətinə, eləcə də beynəlxalq rəqabətliliyinə müsbət təsir göstərəcək:

“2009-cu ildə “Ümumi təhsil haqqında” Qanun qəbul olunub. Daha sonra təhsilin müxtəlif pillələri – “Məktəbəqədər təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlar qəbul edildi. “Ali təhsil haqqında” Qanuna çox ciddi ehtiyac var. Çünki ali təhsilin idarə edilməsi, muxtariyyəti, maliyyə işləri və tədirisin keyfiyyətinə bilavasitə təsir göstərəcək məsələlərlə bağlı hüquqi baza sənədi yox idi. Hər kəsin istinad nöqtəsi “Ümumi təhsil haqqında” Qanun, eyni zamanda Nazirlər Kabinetinin müvafiq qərarları idi”.

““Ali təhsil haqqında” Qanun layihəsi ilə bağlı irad və təkliflərdə iştirak etmişəm. Layihədə təhsilin pillələri, istiqamətləri açıq şəkildə göstərilib. Eyni zamanda, tədrisin keyfiyyətinin artırılması ilə bağlı öhdəliklər, vəzifələr açıq şəkildə qeyd olunub. Universitetin əmək bazarına cavab verən kadrların hazırlanması ilə bağlı öhdəlikləri də qanunda öz əksini tapıb.

Burada xüsusən ali təhsil müəssisələrinin idarə ediıməsi ilə bağlı məsələyə xüsusi yer verilib. Proqram çərçivəsində ikili diplomların verilməsi, distant təhsilin hüquqi bazasının yaradılması məsələsi də var”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, yeni qanun Azərbaycanda ali təshilin rəqabətliliyini artıracaq, həmçinin beynəlxalq əməkdaşlıqlara təkan verəcək:

“Layihəni ilkin variant üçün müsbət qiymətləndirirəm. İnanıram ki, həqiqətən də qeyd olunan məsələlər qanun üzərində qalmayacaq. Tətbiqi həyata keçiriləcək. Çünki bu gün Azərbaycan ali təhsili beynəlxalq aləmdə, dünya reytinqində çox aşağı pillələrdədir. Ona görə də bu qanun ali təhsilin keyfiyyətinin və beynəlxalq rəqabətliliyin artmasına müsbət təsir göstərəcək”.

Azərbaycanda 51 ali təhsil müəssisəsi var. Bunlardan 41-i Bakıda, 10-u isə regionlarda fəaliyyət göstərir.