XXI əsrin sonuna qədər Yer üzündə həyat köklü şəkildə dəyişə bilər. Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi, dağıdıcı meşə yanğınlarının artması, biotexnologiyaların sürətli inkişafı və ənənəvi heyvandarlığın tədricən azalması ətraf mühiti tamamilə fərqli vəziyyətə gətirə bilər.
Bu barədə Daily Mail nəşri Australian Journal of Botany jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.
Qlobal temperatur 4 dərəcə arta bilər
Sidneydə yerləşən Makkuori Universitetinin alimləri hazırladıqları modeldə 2100-cü ilə qədər Yer kürəsində orta qlobal temperaturun sənaye inqilabından əvvəlki dövrlə müqayisədə təxminən 4 dərəcə Selsi artacağı ssenarini araşdırıblar.
Tədqiqat müəlliflərinin fikrincə, belə bir inkişaf ehtimalı kifayət qədər realdır.
Bu proqnoz doğrularsa, dünya daha tez-tez ekstremal hava hadisələri, o cümlədən genişmiqyaslı meşə yanğınları ilə üzləşəcək. Nəticədə təbii ekosistemlər ciddi dəyişəcək və çoxsaylı bitki və heyvan növlərinin mövcudluğu təhlükə altına düşəcək.
Tropik meşələr ən çox zərər görəcək
Araşdırmanın müəlliflərindən professor Mark Vestobi bildirib ki, tropik meşələr kimi bir çox təbii ekosistemlər müntəzəm və güclü yanğınlara uyğunlaşmayıb.
Temperatur yüksəldikcə və quraqlıq artdıqca bu cür ekosistemləri qorumaq daha da çətinləşəcək.
Alimlərin hesablamalarına görə, qarşıdakı bir neçə onillikdə dünyanın bir çox təbii landşaftları bugünkü görünüşünü tamamilə dəyişəcək.
Ənənəvi heyvandarlıq azalacaq
Tədqiqatçılar hesab edirlər ki, əsrin sonuna doğru ənənəvi heyvandarlığın rolu əhəmiyyətli dərəcədə azalacaq.
Onun yerini biotexnologiyalar vasitəsilə əldə olunan məhsullar, o cümlədən laboratoriyada yetişdirilən süni ət və heyvanlardan istifadə edilmədən istehsal olunan süd məhsulları tədricən tutacaq.
Bu texnologiyalar artıq praktikada tətbiq olunur.
Belə ki, laboratoriyada yetişdirilmiş toyuq ətinin satışına Sinqapur, ABŞ və İsraildə icazə verilib.
Bundan başqa, bəzi şirkətlər inəklərdən istifadə etmədən dəqiq fermentasiya texnologiyası ilə süd zülalları istehsal edir. Paralel olaraq laboratoriya şəraitində qəhvə və şokoladın alternativlərinin hazırlanması istiqamətində də araşdırmalar davam edir.
Gen redaktəsi geniş tətbiq oluna bilər
Araşdırma müəllifləri gələcəyin ən perspektivli texnologiyalarından biri kimi genomun redaktə edilməsi üsullarını da göstərirlər.
Bu texnologiyalar gələcəkdə təbiətə ciddi ziyan vuran invaziv növlərin sayını nəzarətdə saxlamaq üçün istifadə oluna bilər.
Hazırda bu metodlar ağcaqanadlar, bəzi siçan, siçovul və qurbağa növləri üzərində öyrənilir.
Dəyişikliklər təkcə Avstraliya ilə məhdudlaşmayacaq
Araşdırma əsasən Avstraliyanın ekosistemlərinin gələcəyinə həsr olunsa da, alimlər müəyyən edilən tendensiyaların dünyanın digər bölgələri üçün də xarakterik olacağını düşünürlər.
Ən pis ssenarinin qarşısını almaq mümkündür
Tədqiqat müəlliflərinin fikrincə, hadisələrin ən mənfi inkişaf ssenarisinin qarşısını almaq hələ də mümkündür.
Bunun üçün dünya iqtisadiyyatının kömür, neft və təbii qaz kimi fosil yanacaqlardan asılılığı əhəmiyyətli dərəcədə azaldılmalıdır.
Climate Analytics təşkilatının son hesabatına görə, qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq üçün bəşəriyyət 2035-ci ilə qədər kömür, neft və qaz istifadəsini təxminən iki dəfə azaltmalı, 2070-ci ildən gec olmayaraq isə bu yanacaq növlərindən tamamilə imtina etməlidir.